Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda "Meçta" uşaq kafesinin açılışı və yeni uşaq bağçasının təməlqoyma mərasimi olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş "Meçta" uşaq kafesinin dekabrın 20-də açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsiblər. Uşaqlara Yeni il hədiyyələri təqdim edilib.
Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olub. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdi.
Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılıb. Uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılıb.
Həmçinin, Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilib.
Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək.
Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşüb.
RAGB-nin Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov gənclər təşkilatının Həştərxanda fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, Həştərxan Vilayət Qubernatoru Administrasiyası bu bölməni vilayətdə ən yaxşı gənclər təşkilatı seçib. Onun sözlərinə görə, RAGB-nin Həştərxan bölməsi "Mersi Baku" adlı Şən və Hazırcavablar Klubu (ŞHK) yaradıb. Bölmə vilayətdə müxtəlif mədəni, idman və elmi tədbirlərin təşkilində fəal iştirak edir.
Sonra Heydər Əliyev adına məktəbdə müəllimlər və şagirdlərlə görüş olub. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
T.Tixomirova vurğulayıb ki, Heydər Əliyev adına orta məktəb hazırda Həştərxan vilayətində qabaqcıl təhsil ocaqlarından biridir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib. O vurğulayıb ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihəsi həyata keçirib. Leyla Əliyeva Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd edib.
Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edilib. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB