“Vətənim mənim”

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Şirvanşahlar Sarayı Kompleksi" tərəfindən" 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr edilən "Vətənim mənim" adlı tədbir keçirilib.

İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq 24 ildir ki, 31 Dekabr hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insanın bayramı-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

"Vətənim mənim" adlı tədbirin keçirilməsində əsas məqsəd də məhz Azərbaycanda, eləcə də dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimiz arasında ünsiyyət yaratmaq, həmrəy olmaq, Vətənimizin sevinc və kədərinə şərik olmağın vacibliyini vurğulamaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə "Şirvanşahlar Sarayı Kompleksi"nin direktor müavini Təranə Balayeva açıb. Tədbirdə həmçinin qonaqlar tərəfindən həmrəylik gününün önəmini vurğulayan mövzularla çıxışlar edilib.

Bədii hissədə Ə.Ə. Rzaquliyevin "Köhnə Bakı" adlı sərgisi və ədəbi bədii kompozisiya nümayiş olunub. Daha sonra "Xəzər" və Mədəniyyət və İncəsənət Universitetinin tələbələri müxtəlif milli rəqs nümunələri ilə çıxış edib. Tədbirin sonunda qonaqlar və tədbir iştirakçıları üçün "İçərişəhər" və "Şirvanşahlar Saray Kompleksi"nə ekskursiyalar təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə