Azərbaycanın işğal edilmiş ərazilərində mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul olunub
Dekabrın 18-də Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin səkkizinci sessiyası çərçivəsində Azərbaycanın işğal edilmiş ərazilərində mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul olunub.
İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin komitədə müzakirəsi ilə bağlı 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs irəli sürülüb. 2012-ci ilin qərarına əsasən işğal edilmiş ərazilərdə katiblik tərəfindən mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb olunub.
Katiblik tərəfindən hazırlanan builki sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və ölkəmizin maraqlarına uyğun olan digər aspektlər öz əksini tapıblar.
Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO texniki missiyalarının göndərilməsinin mümkünlüyü qeyd edilib. Sənəddə, həmçinin UNESCO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.
Ermənistan işğal etdiyi ərazilərə müşahidə missiyalarının göndərilməsi və həmin ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin BMT Təhlükəsizlik Şurasına və Baş Məclisinə çıxarılmasına etiraz etməsinə baxmayaraq, sənədin qəbulunun qarşısını ala bilməyib. Komitənin əksər üzvləri Azərbaycanın maraqlarına uyğun olan müddəaların sənəddə saxlanılmasını dəstəkləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB