Parisdə YUNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin növbəti, 8-ci sessiyası keçirilib. SİA-nın məlumatına görə, gündəlikdə duran bir sıra məsələlər, o cümlədən İçəri Şəhər üçün xüsusi əhəmiyyət kəsb edən - gücləndirilmiş mühafizə statusunun verilməsi məsələsi öz əksini tapıb. Milli-mədəni irsimiz olan İçəri Şəhərə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı sorğu 19 dekabr tarixində nəzərdən keçirilib və bununla bağlı müsbət qərar qəbul edilmişdir. İçəri Şəhərlə bağlı müraciətin təqdimatı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iclasda iştirak edən nümayəndə heyəti tərəfindən keçirilib.
Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
Qeyd olunmalıdır ki, İçəri Şəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı sorğu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ilk dəfə 2010-cu ildə YUNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəyə təqdim olunmuşdur. Ötən müddət ərzində Komitənin tövsiyyələrinə əsasən ölkə qanunvericiliyi Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılıb, habelə İdarə tərəfindən İçəri Şəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib. Bununla yanaşı silahlı münaqişələr zamanı "İçərişəhər" Qoruğunun ərazisindən və tarixi-memarlıq abidələrindən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bəyannaməsi və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tətbiqi ilə bağlı məlumat Komitə üzvlərinə təqdim olunub.
İçəri Şəhərin mühafizəsi məsələsinə beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçəri Şəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu xüsusi qeyd edilməlidir.
İçəri Şəhərin YUNESKO-nun gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunması səviyyəsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB