Sədaqət Vəliyeva: Yalnız koordinasiyalı iş cəmiyyətimizin sosio-mədəni evolyusiyasını tam reallaşdıracaq

Sədaqət Vəliyeva: Yalnız koordinasiyalı iş cəmiyyətimizin sosio-mədəni evolyusiyasını tam reallaşdıracaq

"Parlamentin plenar iclasında təsdiqlənmiş "Qeyri-hökumət təşkilatları haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi təqdirəlayiqdir. İrəli sürülmüş təkliflər ilk olaraq, Azərbaycan sosiumunu mümkün təhlükələrdən sığortalamış olacaq". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, bütün sivil cəmiyyətlərdə, xüsusilə də, demokratik inkişafı özünə prioritet seçmiş gənc ölkələrdə vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatları müxtəlif siyasi və qeyri-siyasi oyunların alətinə çevrilməkdədir: "Bu sahədə manipulyasiya və manevrlər üçün imkanlar geniş olduğundan qərəzli dairələr və qüvvələr məqsədlərinə nail olmaq üçün QHT-lərin imkanlarından olduqca çox istifadə edirlər. Elə Azərbaycan da bu cür hallardan sığortalanmayıb, xüsusilə də, son illər ərzində əldə etdiyimiz nailiyyətləri həzm edə bilməyən anti-Azərbaycan qüvvələri müxtəlif QHT-lər vasitəsilə ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Hər kəsin yadındadır ki, prezident seçkilərindən öncə adı cəmiyyətə bəlli olan xarici ölkə QHT-sinin regional nümayəndəliyi bir qrup müxalifət gəncinə 100 minlərlə manat, səs bombası, narkotik verməklə siyasi sabitliyə xələl gətirməyə çalışdı. Həmçinin, ölkəmizdə müxtəlif maraqlı dairələrə reallıqdan uzaq hesabatlar, məruzələr göndərməklə məşğuldurlar. Bu cür QHT-lər, ictimai birliklər ölkəmizin imicinə zərbə vurmaqla yanaşı, vətəndaşlarımızın da aldadılmasına səbəb olur. Bir müddət öncə qərargahımıza müraciət etmiş gənc xanım bildirdi ki, xarici QHT-nin Azərbaycanda əsasən siyasi sorğular təşkil etməklə qeyri-obyektiv, şişirdilmiş nəticələri Avropada, Amerikada yerləşən ofislərinə göndərirlər. Lakin işin sonunda hüquqi ünvanı olmayan bu QHT-lər yoxa çıxırlar. Sonra da məhz, müxalifət qəzetlərinin səhifələrində həmin QHT-lərin böhtan dolu məruzələrini görürük".

Sədaqət Vəliyeva vurğulayıb ki, bu, sistemli bir işdir: "Ona görə də, "Qeyri-hökumət təşkilatları haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini yüksək qiymətləndirirəm. İnanıram ki, bu dəyişikliklərlə Azərbaycanda QHT-lər daha şəffaf fəaliyyət göstərəcək və vətəndaş cəmiyyətinin, dövlət-cəmiyyət münasibətlərinin inkişafına öz töhfəsini verəcək".

Millət vəkili bunlarla yanaşı, ümumilikdə, cəmiyyətimizi narahat edən, xüsusilə də, QHT-lərin fəaliyyətinə birbaşa aidiyyatı olan problemlərə də toxunub: "Bu gün Azərbaycanımızın inkişafı üçün hakimiyyət tərəfindən bütün işlər görülüb, inkanlar səfərbər edilib. İqtisadiyyatın liberallaşdırılması, orta sinfin formalaşması, sahibkarlar təbəqəsinin sosial-iqtisadi proseslərə təsirinin artması ölkəmizin tərəqqisinə və gözəlləşməsinə şərait yaradıb. Lakin bu inkişaf xəttinə paralel olaraq, sosio-mədəni tərəqqi prosesində ləngimələrimiz olur. Burada isə əsasən məvəni məsələləri və QHT-lərin böyük əksəriyyətinin vətəndaş cəmiyyətinin inkişafına dəstək ola bilməməsini qabartmaq istərdim.

Düşünürəm ki, hazırda Azərbaycan QHT-ləri müharibə şəraitində, erməni lobbisinin informasiya hücumlarını müşahidə edən cəmiyyətimizin mənəvi dəyərlərinin qorunmasında, vətənpərvərlik ruhunun yüksəldilməsində, diaspora nümayəndələrimizin tanıdılmasında, onların fəaliyyətinin təbliğ edilməsində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və digər istiqamətlərdə fəal iş aparmalıdırlar. Amma çox təəssüflər olsun ki, bir çox QHT-lər yalnız hesabat vermək xatirinə bu sahədə işləyir. Hətta, bəzi QHT-lər var ki, guya vətənpərvərlik, narkomaniyaya qarşı mübarizə mövzularında layihə reallaşdırır. Lakin onların işi bir dəfəlik 3-5 nəfərin yığıncağından ibarət olur və dövlətin ayırdığı maliyyə vəsaiti hesabına reallaşdırılan bu layihədən heç cəmiyyətin xəbəri olmur.

Yaxşı olardı ki, QHT-lərin əməli fəaliyyətinə nəzarət artırılsın, çünki, hesabatlılıq cəmiyyətimizə hansısa xeyiri verməyəcək. Bununla yanaşı, QHT-lərin ixtisaslaşdırılması məsələsinə baxmaq lazımdır. Konkret mövzu ilə bağlı layihə reallaşdıran QHT-lərin elmi-təcrübi baxımdan nəticələri təhlil edilməli, aidiyyatı orqanlarla işbirliyi qurulmalıdır. Yalnız koordinasiyalı iş cəmiyyətimizin sosio-mədəni evolyusiyasını reallaşdıracaq. Eyni zamanda, QHT-lər artıq sosial reklamlara, mənəviyyatımıza zərbə vuran teleseriallara diqqət ayırmalıdır. Hələ də bu günə qədər görmədik ki, bir QHT cəmiyyətimiz üçün əhəmiyyətli sayılacaq sosial reklam çarxı, çağırışlar hazırlasın və televiziyalarda yayımlasın. Sosial reklam onun üçün lazımdır ki, cəmiyyətimizi düşündürən, mənəvi kodekslərimizə birbaşa aidiyyatı olan məsələləri ictimailəşdirsin və onun aradan qaldırılması üçün təkliflərini versin. Sosial çarxlarla da kütləvi şüuru hərəkətə gətirsin. Bu mənada da QHT-lərə nəzarət sektoru ictimai birlik sədrlərinin bilik səviyyələrinə də fikir verməlidir. Digər məsələ son aylar ərzində dövlətin ayırdığı maliyyə vəsaiti hesabına çəkilən teleseriallarla bağlıdır. Niyə axı Azərbaycan TV-lərinin çəkdiyi teleseriallar yalnız mənəviyyatsızlığı təbliğ edir. Hələ də vətənpərvərlik ruhunda yalnız ANS televiziyasının çəkdiyi serialı göstərə bilərəm. Məgər bir film bəs edirmi, müharibə şəraitində olan Azərbaycan gənclərinin şüurunda qəhrəman obrazları yaratmağa? Adını çəkmək istəmədiyim televiziyalarda efirləri mənasız, ictimai əhəmiyyəti olmayan verilişlərlə doldururlar. Kiminsə ailə-məişət probleminin televiziyada qabardılması cəmiyyətimizə nə verir? Təbii ki, heç bir şey.

Ona görə də, QHT-lər bu sahədə də fəal işləməli, təşəbbüsü ələ almalı və mənəvi kasadlığı təbliğ edən tendensiyaların qarşısına keçməlidirlər. QHT-lər eyni zamanda, dövlət orqanları ilə birgə uşaqların psixoloji vəziyyətinə təsir edən cizgi filmlərinin çəkilməsi məsələsinə xüsusi diqqət ayırmalıdır. Ümumiyyətlə, gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün QHT-lər fəaliyyətini məktəblərdən qurmalıdır. Onsuz da keçmiş SSRİ zamanında tarixi yaddaşımıza kifayət qədər zərbə vurulub. Əgər bu gün keçirilən sorğularda bəzi gənclərimizin dövlətinin nə zaman müstəqillik qazandığını, himnin sözlərini, dövlət bayrağının rənglərinin mənasını bilmədiyi üzə çıxırsa, bu faciədir.

Bir sözlə, mənəvi məsələlərlə bağlı bir çox problemlər hələ də açıq qalmaqdadır. Dövlətimiz, cənab Prezident İlham Əliyev lazımı maliyyəni ayırır, dəstəyini verir. Bu mənada, vətəndaş cəmiyyətinin təsirinin daha da artırılması və sosiumun inkişafı naminə bütün QHT-ləri, televiziyaları, aidiyyatı orqanları birgə işləməyə çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə