ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib

İnam Kərimov: “Artıq hər bir “ASAN Xidmət”də 80-100 könüllü fəaliyyət göstərir”
ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib

Bu gün ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib. SİA-nın məlumatına görə, qurultayda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun Osmanlı, ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və başqaları iştirak edib.

Qurultayda ilk olaraq çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, bu gün ölkədə bütün sahələrdə gənclərə xüsusi diqqət və qayğı göstərilir.

Könüllü gənclərin Asan xidmətə cəlb olunmasını önə çəkən Fuad Ələsgərovun sözlərinə görə, gələcəyini dövlət quruculuğuna bağlamaq istəyən hər kəs burada təcrübə əldə etmək imkanı qazanır: "Könüllülərin mərkəzlərin fəaliyyətinə cəlb edilməsi məqsədi ilə sosial şəbəkələrdə, eləcə də mətbuatda verilən elanlarda müxtəlif ixtisaslar üzrə təhsil alan yüzlərlə tələbə buna böyük maraq göstərir, ASAN xidmətə dəstək olmaq üçün öz müraciətlərini edirlər. Gənclər tərəfindən göstərilən bu maraq sevindirici haldır. Bu günə qədər ASAN xidmət mərkəzlərində 1000-ə yaxın könüllü fəaliyyət göstərib. Hazırda ASAN xidmətlərin sayı çox olmasa da, gələcəkdə xidmətdə çalışan könüllülərin sayı daha da artacaq".

Daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzləri və mərkəzlərdəki könüllülük fəaliyyətinin məqsədi və təşkili barədə təqdimatla çıxış edib: "Vətəndaşların yüksəksəviyyəli və keyfiyyətli xidmət alması vacib məsələdir. ASAN xidmət" mərkəzlərində "vətəndaş həmişə haqlıdır" prinsipi qorunub saxlanılır. Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz. Könüllülük fəaliyyəti qanunvericiliklə tənzimlənir. Könüllülər "ASAN xidmət"də təlimlərə cəlb olunur. Artıq minə yaxın könüllü əldə etdiyi təcrübə nəticəsində həm "ASAN xidmət"də, həm də digər dövlət qurumlarında işə cəlb olunur. Artıq hər bir "ASAN xidmət"də 80-100 könüllü fəaliyyət göstərir. Bu qurultayın keçirilməsi çox sevindiricidir. Könüllülərin gələcək fəaliyyətində hansı zəruri tədbirlərin görülməsi lazım gəlsə, həyata keçirəcəyik".

Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında vurğulayıb ki, Azərbaycanda yüksək biliklərə malik olmaqla layiqli yer tapmaq, həyatda özü üçün yaxşı şərait yaratmaq mümkündür: "Bu gün istedadlı gənclərə dövlət sifarişi var. Dövlət sifarişi üzrə müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələrində də pulsuz oxumaq şansı mövcuddur. Azərbaycanın bölgələrində Gənclər evləri açılır, gənclərin inkişafı üçün komplekslər yaradılır. Əlbəttə, bütün bunlar böyük stimul, həm də siz gənclərə olan etimad və böyük gözləntilərdir".

İnformasiya cəmiyyətinin getdikcə böyüdüyünü deyən E. Aslanov bildirib ki, virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür: "Sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var. Azərbaycana qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir. Təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz özləri cavab verməlidir. Bütün imkanlardan istifadə edərək Erməni lobbisinin təxribatçı fəaliyyət dairəsini daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır. Azərbaycan gəncləri bütün mümkün platformalardan ölkənin təbliği üçün istifadə etməlidir".

Qurultayda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu təşkilat qısa zamanda cəmiyyətdə layiqli yerini tutub: "Bir müddət əvvəl cəmiyyətdə könüllülük xidməti haqqında təsəvvür yox idi. Lakin son zamanlar keçirilən tədbirlər nəticəsində könüllülərin sayı artdı. Bununla yanaşı, Azərbaycanda bir sıra mötəbər tədbirlər keçiriləcək. Bunlardan biri də Avropa Olimpiya Oyunlarıdır. Ona qədər könüllülər peşəkarlığını artırmalıdırlar ki, onlara veriləcək sualları cavablandırmağa həmişə hazır olsunlar".

Qeyd edək ki, qurultayın sonunda ASAN Könüllülərinə ASAN imzalar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə