"Gələn il regionlarda bölgələr üzrə 5 Asan xidmət açılacaq"

2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına ASAN könüllüləri də cəlb oluna bilər
"Gələn il regionlarda bölgələr üzrə 5 Asan xidmət açılacaq"

"Bu günə qədər "ASAN xidmət"in imkanlarından 880 min insan istifadə edib. Xidmət qısa müddət ərzində onlara göstərilən etimadı doğrulda bilib. Vətəndaşlar arasında keçirilən rəy sorğuları da bunu bir daha sübut etmiş olur. Ötən il Bakıda 3 Asan xidmət mərkəzi fəaliyyət göstərib. Gələn ilin fevral-mart aylarında Bakıda növbəti Asan xidmət mərkəzinin açılışını nəzərdə tuturuq". SİA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

Şöbə müdiri Fuad Ələsgərov onu da deyib ki, 1 Asan xidmət mərkəzi Sumqayıtda işləyir: "Dekabrın 21-də isə xidmətin Gəncə filialı əhalinin istifadəsinə veriləcək. Onun əhatə dairəsi təxminən 10 ətraf rayonu özündə ehtiva edəcək. Çalışacağıq ki, 2014-cü il ərzində regionlarda bölgələr üzrə 5 Asan xidmətin açılışına nail olaq. Xidmətin olmadığı regionlarda isə sakinlərə səyyar formada xidmət göstərilir". Fuad Ələsgərov, həmçinin qeyd edib ki, Asan xidmət mobil avtobusların rayonlara səfərləri artıq 60 mindən artıq əhalini əhatə edib: "37 rayonda isə mobil avtobuslar xidmət göstəriblər. Təsadüfi deyil ki, Asan xidmət bir sıra beynəlxalq təşkilatların diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Asan xidmət xalqa xidmət göstərmək sahəsində Azərbaycan brendinə çevrilib".

Könüllü gənclərin Asan xidmətə cəlb olunmasını önə çəkən Fuad Ələsgərovun sözlərinə görə, gələcəyini dövlət quruculuğuna bağlamaq istəyən hər kəs burada təcrübə əldə etmək imkanı qazanır: "Könüllülərin mərkəzlərin fəaliyyətinə cəlb edilməsi məqsədi ilə sosial şəbəkələrdə, eləcə də mətbuatda verilən elanlarda müxtəlif ixtisaslar üzrə təhsil alan yüzlərlə tələbə buna böyük maraq göstərib, Asan xidmətə dəstək olmaq üçün öz müraciət edirlər. Bu dərəcə gənclərin marağı sevindirici haldır. Bu günə qədər Asan xidmət mərkəzlərində 1000-ə yaxən könüllü fəaliyyət göstərib. Baxmayaraq ki hazırda Asan xidmətlərin sayı çox deyil, lakin gələcəkdə xidmətdə çalışan könüllülərin sayı daha da artacaq".

2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında könüllülərin rolunu təmin etmək üçün Fuad Ələsgərov gənclər və idman naziri Azad Rəhimova müraciət etdiyini də xatırladıb. O bildirib ki, Asan könüllülərin qazandığı təcrübə imkan verəcək ki, belə beynəlxalq əhəmiyyətli tədbirdə də könüllülər yaxından iştirak edə biləcəklər. İnanıram ki, könüllülər onlara göstərilən etimadı layiqincə doğrulda biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə