Akif Əlizadə: "AMEA elm mənbəyidir və burada heç kimə pul verilmir"

Akif Əlizadə: "AMEA elm mənbəyidir və burada heç kimə pul verilmir"

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində (YAP GB) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, əməkdar elm xadimi Akif Əlizadə ilə gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, mütəmadi olaraq gənclərin ölkənin tanınmış ictimai-siyasi və elm xadimləri ilə görüşləri təşkil edilir və görüşlərin keçirilməsində əsas məqsəd müxtəlif istiqamətlər üzrə ölkənin qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdan ibarətdir.

Daha sonra çıxış edən AMEA prezidenti Akif Əlizadə rəhbərlik etdiyi qurum barədə tədbir iştirakçılarına geniş məlumat verib. Onun sözlərinə görə, akademiya 1945-ci ildən fəaliyyət göstərir və hazırda qurumun tərkibində 34 institut işləyir.

O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası pul yox, elm mənbəyidir: "Ona görə də burada heç kimə pul verilmir. Təəssüf ki, indi çoxları bunu qarışdırır. AMEA ömrünü həqiqətən elmə həsr edənlər üçündür və belə də olacaq. Kimsə gəlib elmi ad almaq üçün başını orada girələyirsə, bura onun üçün deyil. Məsələn, mənə çox yerdən vəzifə üçün təkliflər gəlib, Nazirlər Kabinetində, dövlət işində və sair. Amma mən özümü elmə həsr etdiyim üçün heç vaxt yolumu dəyişməmişəm".

A. Əlizadə onu da deyib ki, bu gün AMEA-da gənc alimlərə böyük ehtiyac var: "Mən heç kəsi qınamaq istəmirəm, amma həqiqət odur ki, Sovet İttifaqı dağıldıqdan sonra elmə maraq azaldı və gənclərin çoxu pul dalınca, yaxud xaricə köçdülər. İndi buna görə də elmdə gənclər qıtlığı yaranıb. Artıq indi imkanlarımız var, dövlət elmə ciddi maraq göstərir, dəstək verir. Hətta son dövrlər Prezident İlham Əliyevin qərarı ilə, elmin müxtəlif cihazlar və avadanlıqla təmin olunması üçün bu sahəyə 12 milyondan çox vəsait ayrılıb. Mən gəncləri bundan istifadə etməyə çağırıram. Mən şəxsən müxtəlif yolla təbliğat aparıram ki, təki gənclər elmə gəlsinlər. Hətta onları yönləndirirəm ki, elmi işlərinin çoxunu gedib daha qabaqcıl xarici ölkələrdə tamamlasınlar. Buna da şərait yaradıram, yetər ki, elmə gəlsinlər".

Akademik gənc alimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də ciddi işlərin görüldüyünü xatırladaraq bildirib ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyəti ilə gənc alimlərə ev verilməsi ilə bağlı danışıqlar aparılıb və müsbət cavab alınıb: "Bu, ölkə prezidentin müvafiq dəstəyi və müvafiq sərəncamı əsasındadır. Məqsədimiz odur ki, gənc alimlərə evlərin verilməsində müvafiq xüsusi güzəştlər olsun və bunu biz artıq planlaşdırırıq. Evlərin nə cür və hansı şərtlərlə verilməsi müzakirə başa çatdıqdan sonra məlum olacaq".

Qeyd edək ki, görüşdə son dövrlər əldə edilən elmi yeniliklər, qazanılan elmi nailiyyətlər haqqında məlumatlar gənclərin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə