"Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda tədbir keçirilib

"Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda tədbir keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatı və rayon Ağbirçəklər Şurası ilə birgə "Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Nizami rayon Ağbirçəklər Şurasının üzvləri və rayon təlim tərbiyə müəssisələrində təhsil alan gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, hər birimizin borcu övladlarımızı milli mənəvi dəryərlərimizə uyğun yetişdirməkdir. Ulu Öndər Heydər Əliyevin ahıllarla bağlı deyimini xatırladan G.İsrafilova vurğulayıb ki, Ümummilli Liderin söylədiyi kimi, ahıllar milli mənəviyyatımızın qızıl fondudur: "Biz gözəl ənənələr, milli mənəvi dəyərlərə malikik. Bizim böyük gələndə ayağa qalxmaq, böyüyə yer vermək və digər bu kimi milli dəyərlərimiz var".

Daha sonra çıxış edən AQUPDK-nin sədr müavini Aynur Sofiyeva komitənin bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verib.

Komitə tərəfindən bu mövzuda bir neçə rayonda bu kimi tədbirlərin həyata keçirildiyini deyən A.Sofiyeva vurğulayıb ki, məsələnin hər zaman gündəmdə olmasına ehtiyac var.

Avropa ölkələrində ailə institutunun qorunması ilə bağlı müəyyən problemlərin olduğunu dilə gətirən Komitənin sədr müavini söyləyib ki, ailə institutunda baş verənlər həmin ölkənin siyasətinə birbaşa öz təsirini göstərir: "Ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərə nəzər yetirsək görərik ki, ailə institutu dövlətin prioritet istiqamətlərindədir. Buna səbəb dövlət siyasətimizin milli mənəvi dəyərlərimiz üzərində qurulmasıdır".

A. Sofiyeva həmçinin bildirib ki, hazırda gənclər daha çox ayrı yaşamağa üstünlük verirlər: "Əvvəllər ölkəmizdə geniş ailələrə rast gəlinirdisə, indi geniş ailələr azlıq təşkil edir. Ona görə ki, indiki gənclər daha çox ayrı yaşamağa üstünlük verirlər. Bundan başqa əvvəllər ailələrdə uşaqların sayı da çox olardı. Hazırda hər bir ailəyə orta hesabla 2-3 uşaq düşür. Bundan əlavə, bizi narahat edən məsələlərdən biri hələ də boşanma, erkən nigah, məişət zorakılığı ilə bağlı problemlər qalmaqdadır. Bütün bunlar bizdən daha çox işləməyi tələb edir və biz də çalışırıq ki, bu kimi problemlərin qarşısını alınması üçün lazımi işlər görək. Məqsədlərimizdən biri elə bugünkü mövzumuz olan yaşlı nəsillə gənclər arasında dialoq qurmaqdır".

Daha sonra söz alan Nizami rayon Ağsaqqallar Şurasınln sədri Mayıl Əliyev mövzunun aktual olduğunu vurğulayıb və bildirib ki, Ağsaqqallar Şurası daima gənclərlə dialoqa girir, onlara lazımi tövsiyyələrini verir.

Tədbirin davamında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, milli mənəvi dəyərlərimizin əsasında yaşlılara olan hörmət dayanır. Tədbiri yüksək qiymətləndirən R.Vəlibəyov vurğulayıb ki, YAP Nizami rayon təşkilatı hər il bu cür görüşlər təşkil edir.

Daha sonra tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə