Azərbaycan və Gürcüstan ombudsman təsisatları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Gürcüstan ombudsman təsisatları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Tbilisi şəhərində "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın icrası: Cənubi Qafqaz Ölkələrinin və Moldovanın təcrübəsi və gələcək addımlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın implementasiyası sahəsində Cənubi Qafqaz ölkələri və Moldova tərəfindən həyata keçirilən tədbirlər, əlillərin hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilik, bu sahədə müsbət təcrübə, əlil uşaqların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı məruzələr dinlənilib, habelə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Tədbirdə çıxış edən A. Səfixanlı Azərbaycan dövlətinin əlillərin hüquqlarının müdafiəsi sahəsində kompleks tədbirlərin həyata keçirdiyini, bu islahatların məntiqi nəticəsi olaraq 2008-ci il 2 oktyabr tarixdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı və onun Fakültativ Protokolunu müvafiq bəyanatlarla ratifikasiya etdiyini söyləyib. O, ölkəmizin regionda həmin Konvensiyanı ratifikasiya edən ilk ölkə olduğunu, əlilliyi olan insanların hüquqlarına hörmət edilməsi və onların qorunması istiqamətində götürdüyü beynəlxalq öhdəlikləri təsdiq edərək yerinə yetirdiyini vurğulayıb.

Aparat rəhbəri çıxışında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın 33.2-ci maddəsində qeyd olunan müstəqil monitorinq mexanizminin funksiyalarının Azərbaycanın milli insan hüquqları təsisatı olan Ombudsman institutuna həvalə olunduğunu, Müvəkkilin və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə imzaladıqları 2011-2012-ci illər üzrə İş Planına uyğun olaraq "Ombudsmanın işinə dəstək" layihəsi çərçivəsində BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının monitorinqi və əlavə hesabatın hazırlanması üzrə lazımi bilik və bacarıqların artırılması məqsədilə bu qurumla əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, Avropa Birliyinin Twinning layihəsi çərçivəsində BMT-nin müvafiq Konvensiyasına dair təlimlərin keçirildiyi, bu günlərdə Ombudsmanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, YUNİSEF-in, World Vision Beynəlxalq Humanitar Təşkilatının və Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi" mövzusunda konfransın keçirildiyi, əhali arasında insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətini həyata keçirmək məqsədilə qeyri-hökumət təşkilatları, o cümlədən əlil təşkilatları ilə əməkdaşlığa çox böyük önəm verildiyi bildirilib.

Səfər çərçivəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Gürcüstanın Xalq Müdafiəçisi Uça Nanuaşvili ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Gürcüstan ombudsman təsisatları arasında yaranan səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə