Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi balıqçıların fəaliyyətinə nəzarəti gücləndirib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi qış fəsli ilə əlaqədar Xəzər dənizində meteoroloji şəraitin dəyişkənliyini nəzərə alaraq balıqçıların fəaliyyətinə nəzarəti gücləndirib. DSX-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, balıqçıların bəzi hallarda hava şəraitini nəzərə almamaları, yaxud nasaz üzmə vasitələrində dənizə çıxmaları təhlükəli vəziyyət yaradır. Belə vəziyyətlərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları xilasetmə əməliyyatları həyata keçirərək vətəndaşların həyatlarını təhlükədən qurtarırlar.

Son vaxtlar sərhədçilər tərəfindən iki uğurlu xilasetmə əməliyyatı keçirilib. Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqda dənizə çıxıb və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Köçəriyev Mənsim Çərkəz oğlu, Astara rayonunun Kələdəhnə kəndinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində sahildən 4 mil aralıda qayığın mühərrikində yaranan nasazlıq səbəbindən həyatları təhlükə altına düşmüş Dadaşov Tural Səlis oğlu və Məmmədov Kərim Abdulla oğlu sərhədçilərin keçirdikləri xilasetmə tədbirləri nəticəsində qayıqla birlikdə sahilə çıxarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə