Parlamentin bugünkü iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsinə dəyişikliklər edilməsi müzakirə olunub. SİA-nın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, bununla bağlı qanunun 21-ci maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım baş verir.
Ə. Hüseynli onu da bildirib ki, Milli Məclis üzvləri bu gəlirlərdən müvafiq vergilər də verirlər: "Onu qeyd etmək lazımdır ki, millət vəkillərinin maaşlarının 14 faizi gəlir xərcləri, 3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2 faizi isə Həmkarlar İttifaqına verilir. Beləliklə, millət vəkillərinin maaşlarının 19 faizi vergilərə çıxılır. Bununla da onların yerdə qalan maaşı 1822 manat təşkil edəcək"
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, hesablamalara görə bu artım 15,3 faizdir.
Müzakirələr zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, bəzi qüvvələr bundan ajiotaj yaratmaq istəyir ki, bunun da əsası yoxdur.
O, müqayisə üçün bildirib ki, Azərbaycanda digər sahələrə də dövlətin xüsusi qayğısı var. O, həmçinin mətbuata da müraciət edib: "Dünyada belə bir qayda var ki, kiminsə maaşını soruşmaq düzgün hal deyil. Ona görə də mətbuat nümayəndələrindən xahiş edirik ki, bunu öz səhifələrində çox da açıb ağartmasınlar".
"Bir çoxları millət vəkillərinin maaşlarını müəllimlərin əmək haqları ilə müqayisə edirlər. Qeyd etməliyəm ki, parlamentin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz daima insanların sosial rifahının yaxşı olması üçün müxtəlif qanun layihələrini müzakirə edirik. Danılmaz faktdır ki, müəllim və həkimlərin maaşları da artır. Bu dövr ərzində onların əmək haqları 51 faiz artıb. Ona görə də bu məsələdə müqayisə etmək olmaz. Bir faktı da qeyd edim ki, bu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait, həcminə görə ordudan sonra ikinci yerdə durur. Milli Məclisin büdcəsi isə onun 3-də biridir. Müxalifətdə iqtisadiyyatı dərindən bilməyən və insanları qızışdırmaq istəyənlər var. Onlar mütləq şəkildə dünya praktikasından istifadə etməlidirlər" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB