Qüdrət Həsənquliyev “Sahil” bağının adının dəyişdirilməsini təklif edib

Qüdrət Həsənquliyev “Sahil” bağının adının dəyişdirilməsini təklif edib

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev "Sahil" bağının adının dəyişdirilməsini təklif edib. SİA-nın məlumatına görə, millət vəkili M.Ə.Rəsulzadənin 135 illik yubileyi ərəfəsində bağın adının dəyişdirilməsinin doğru addım olacağını deyib.

Onun sözlərinə görə, bu təklif tək onun yox, bir qrup ictimaiyyət nümayəndələrinin və millət vəkillərinin də istəyidir: "Təklif ondan ibarətdir ki, Bakının mərkəzində M.F.Axundov adına Milli Kitabxananın qarşısındakı keçmiş "26-lar", indiki Sahil bağına M.Ə.Rəsulzadənin adı verilsin. Bununla da həmin bağ "Cümhuriyyət" adlandırılsın. Bu təklif Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı sərəncamla bağlıdır. Sərəncamın icrası çərçivəsində bu təklifin həyata keçməsi məqsədəuyğun olardı".

Həmkarlarının təkliflərinə şərik çıxan Qənirə Paşayeva isə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qərarın Azərbaycan xalqı tərəfindən müsbət qəbul olunduğunu və alqışlandığını deyib. Bununla yanaşı, millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və həmin hökumətin ilk Baş naziri olan Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsi məsələsini gündəmə gətirib. Q.Paşayeva təklif edib ki, ya Bakıda, ya da onun anadan olduğu Gəncədə heykəli ucaldılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə