“Fransa-Azərbaycan dünyəvi səyahətlər: Müstəsna, yoxsa universal nümunələr?”

“Fransa-Azərbaycan dünyəvi səyahətlər: Müstəsna, yoxsa universal nümunələr?”

Dekabrın 14-də Fransa Milli Assambleyasının Lamartin zalında Fransa-Azərbaycan dostluq qrupunun, Avropa-Azərbaycan Cəmiyyətinin və Bordo Müsəlman Dünyasının Araşdırma və Tanıtım İnstitutunun təşkilatçılığı ilə "Fransa-Azərbaycan dünyəvi səyahətlər: Müstəsna, yoxsa universal nümunələr?" mövzusunda kollokvium keçirilib.

Tədbirin açılışında çıxış edən Müsəlman Dünyasının Araşdırma və Tanıtım İnstitutunun katibi Hadc Seddak, Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Roman Huna və Milli Assambleyanın deputatı, Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani dünyəviliyi şərtləndirən əsas amillərdən, onun ictimai həyatın bütün sahələrində özünü büruzə verməsindən danışıb, Azərbaycanı dünyəvi dövlət olaraq dini tolerantlıq sahəsində nümunəvi bir ölkə kimi dəyərləndiriliblər.

Çıxışlarda Azərbaycanda müxtəlif etnik qrupların dilinə, dininə və mədəniyyətinə hörmətlə yanaşıldığı və onların inkişafına dövlət tərəfindən hər cür qayğı göstərildiyi diqqətə çatdırılıb.

Tədbirin "Dünyada və Fransada dünyəvilik təzahürləri" adlı hissəsində dünyəvilik Observaturasının prezidenti Jan-Lui Bianco, sosioloq və tarixçi Jan Bobero dünyəviliyin nəzəri əsaslarından, tarixi köklərindən, demokratik dəyərlərin əsas təcəssümü olmasından söhbət açıb, onun bir proses kimi müxtəlif xalqların nümayəndələrinin yaşadıqları ölkələrdə daha çox özünü büruzə verdiyini qeyd edib, Azərbaycanda tolerantlığın və dünyəviliyin yalnız Şərq ölkələri üçün deyil, eyni zamanda, Qərbin inkişaf etmiş bir çox başqa dövlətləri üçün də bariz nümunə olduğunu vurğulayıblar.

Toplantının "Dünyəviliyin Azərbaycan modeli" adlı ikinci hissəsində Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova qədim və zəngin tarixə malik Azərbaycanın bəşəri sivilizasiyanın beşiyi olduğunu söyləyib. O, beş min illik dövlətçilik tarixi olan Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yarandığını diqqətə çatdırıb.

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda 1995-ci ildə keçirilən referendum zamanı ilk Konstitusiyasının qəbul edildiyini vurğulayan N.Hüseynova Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh şəraitində yaşadıqlarını bildirib.

Azərbaycanda müxtəlif etnik qrupların yaşadığına diqqəti cəlb edən müşavir azlıq təşkil edən xalqların nümayəndələrinin azərbaycanlılarla eyni hüquqa və səlahiyyətə malik olduqlarını, ölkə Konstitusiyasının dini etiqadından, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşın azadlığının əsas təminatçısı olduğunu, dillərini, dinlərini və mədəniyyətlərini, adət-ənənələrini inkişaf etdirməkdə onlara hər cür şərait yaradıldığını qeyd edib.

Müxtəlif ölkələrlə həmsərhəd olan Azərbaycanın dünyəvi dövlət olmasından bəhs edən N.Hüseynova Azərbaycanda xüsusi dünyəvilik modelinin olduğunu, ölkəmizin dinlərarası və mədəniyyətlərarası beynəlxalq dialoqun mərkəzinə çevrildiyini bildirib.

Bordo şəhər məscidinin rəhbəri Tareq Ubru Fransa ilə müqayisədə Azərbaycanda dünyəviliyin daha çox bərqərar olduğunu qeyd edib.

Fransa Yəhudi İcmalarının Təmsilçilik Şurası İdarə Heyətinin üzvü Jan-Pyer Allali ölkəmizə səfəri çərçivəsində yəhudilərin daha kompakt yaşadığı Quba rayonuna baş çəkdiyini xatırladıb, Azərbaycanda digər etnik qruplarla yanaşı, yəhudilərə yaradılan şəraitin onda böyük təəssürat oyatdığını qeyd edib.

Azərbaycanın dünyəviliyin beşiyi olmasına diqqəti cəlb edən Jan-Pyer Allali ölkəmizdə dini ayrı-seçkiliyə yol verilmədiyini, respublikamızın tolerantlıq və dünyəvilik nümunəsi olduğunu, ölkədə rusların, gürcülərin, ləzgilərin, talışların, kürdlərin, yəhudilərin və digər etnik azlıqların azərbaycanlılarla mehriban və dostluq şəraitində yaşadıqlarını, yəhudi uşaqların azərbaycanlı uşaqlarla bir məktəbdə oxuduqlarını xüsusi vurğulayıb, məscidlərlə bərabər kilsələrin və sinaqoqların dövlət tərəfindən himayə edildiyini diqqətə çatdırıb.

J.P.Allali Bakıda, Qubada və Oğuzda çoxlu sayda sinaqoqların olduğunu vurğulamış, yəhudi məktəbinə baş çəkdiyini xatırladıb, yəhudilərin azərbaycanlılar kimi bütün imtiyazlardan istifadə etdiklərini bildirib, ölkəmizdə tolerantlığın və dünyəviliyin digər dövlətlərə əsl nümunə olduğunu qeyd edib.

Sonda iştirakçıların ölkəmizdə tolerantlıq və dünyəviliklə bağlı suallarına cavab verilib.

Müxtəlif ekspertlərin, tanınmış siyasətçilərin, tarixçi alimlərin, din xadimlərinin, sosioloqların, universitet müəllimlərinin, diplomatik korpusun nümayəndələrinin və tələbələrimizin iştirak etdikləri tədbirdə "Azərbaycanda dini tolerantlığın və dünyəviliyin tarixi" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə