Azərbaycanın əlillərə dəstək təcrübəsi beynəlxalq konfransda diqqətə çatdırılıb

Tbilisi şəhərində "Əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin və Moldovanın təcrübəsi: gələcək addımlar" mövzusunda regional konfrans keçirilib.

Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisi tərəfindən təşkil olunub.

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Rauf Əliyev tədbirdə iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində ölkəmizdə həyata keçirilən işlər barədə iştirakçılara ətraflı məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əməkdaşlığın perspektivlərinə həsr olunmuş müzakirələrdə fəal iştirak ediblər.

Hadi Rəcəbli deyib: "Regional konfransda dörd ölkədən nümayəndə heyəti iştirak edib və biz burada müvafiq qurumların nümayəndələrinin qatıldıqları geniş tərkibdə heyətlə təmsil olunmuşduq. Bizim üçün çox xoşdur ki, hələ bu Konvensiyaya qoşulmayan ölkələr olduğu halda Azərbaycan 2008-ci ildən onun üzvüdür. BMT isə bu Konvensiyanı 2006-cı ildə qəbul edib. Azərbaycan Konvensiyadan irəli gələn bir çox məsələləri həll etmişdir və ölkənin qanunvericiliyində qarşıya qoyulan tələblərin əksəriyyəti öz əksini tapıb. Bu məqamlar barədə konfrans iştirakçılarına verdiyimiz məlumatlar onların böyük marağına səbəb olub".

Komitə sədri vurğulayıb ki, biz, həmçinin iştirakçıları qarşımızda duran vəzifələrlə də tanış etdik, Azərbaycanın inkişafı yönümündə reallıqların diktə etdiyi vəzifələr və onların uğurlu icrası istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı söhbət apardıq. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatların səmərəli nəticələrinin işə yeni stimul verməsi vurğulanıb.

O deyib: "Gələn il "Əlillərin reabilitasiyası, əlilliyin qarşısının alınması və əlillərin sosial müdafiəsi haqqında" Qanunu yenidən işləməyi qarşımıza məqsəd qoymuşuq. Bizim üçün sevindirici haldır ki, ölkəmizin büdcəsində bu məqsədlər üçün ayrılan vəsait konfrans iştirakçısı olan bəzi dövlətlərin təxminən illik büdcəsi qədərdir. Azərbaycan dövlətinin fiziki qüsurlu insanlar üçün gördüyü işlər bu baxımdan daha parlaq, daha aydın görünür.

Prezident İlham Əliyev andiçmə mərasimində sosial dövlət haqqında danışdı və qeyd edim ki, sosial dövlətdə fiziki qüsurlu insanların sosial müdafiəsi əsas prioritetlərdəndir".

H.Rəcəbli bildirib ki, dünyada əhali nisbətində əlillərin sayı təxminən 9-15 faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 5,4 faizdir. Belə ki, 9,5 milyon əhalisi olan Azərbaycanda əlillərin sayı 420 mindir: "Gələcəkdə əlilliyin qarşısının alınması məsələsinə diqqətin artırılmasına çalışacağıq və hesab edirəm ki, bu, günümüzün tələbidir. Ona görə də üç yaşadək uşaqların dispanserizasiyasına dövlətimiz böyük önəm verir".

Deputat bildirib ki, uşaqlıqdan əlilliyin qarşısının alınması ön plana çəkilməlidir, biz onları əlil olmağa qoymamalıyıq. Əlilliyin reabilitasiyası məsələsi Azərbaycanın sosial siyasətinin prioritetlərindəndir.

H.Rəcəbli deyib: "Konfransın işinin gedişində bizim müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar qazandığımız uğurların, müsbət təcrübəmizin dünya miqyasında demək olar ki, nümunə olmasından qürur duyduq. Həmçinin BMT-nin bu sahədə gördüyü işlərdən faydalanmağımızı da əhəmiyyətli hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə