Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni abidə, yaxud, Dədə Qorqud parkının gecə görüntüsü

Bakının arxitekturasına və gözəlliyinə əlavə element olan Dədə Qorqud parkının inşası bir daha Azərbaycan dövlətinin qüdrətini, siyasi hakimiyyətin qurub-yaratmaq niyyətini, ölkəmizdəki siyasi-iqtisadi və ictimai-sosial sabitliyini nümayiş etdirib
Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni abidə, yaxud, Dədə Qorqud parkının gecə görüntüsü

Bir neçə saat öncə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Dədə Qorqud parkı artıq şəhər sakinlərinin gəzinti və istirahət mərkəzinə çevrilib. SİA-nın məlumatına görə, parkda istirahət edən insanların diqqətini daha çox süni göl cəlb edib.

Qeyd edək ki, iki hektar sahəsi olan gölün tikintisi və onun mühəndislik həlli bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilib. Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilib. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənib. Parka istirahətə gələnlər xüsusi qayıqlarla gəzintiyə çıxa biləcəklər. Bunun üçün iki liman inşa edilib.

Bundan əlavə, xüsusi diqqət çəkən element süni şəlalənin alt hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün inşa olunmuş körpülərdir. Ümumilikdə gölün iki yerində xüsusi su bitkiləri ilə örtüləcək kiçik körfəzlər yaradılıb. Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilib. İdarəolunma nəzarət otağından həyata keçirilir. Burada quraşdırılan xüsusi monitorlar vasitəsilə həm gölün texniki stansiyasında baş verən prosesləri, həm də onun altındakı geotermal sistemin fəaliyyətini müşahidə etmək mümkündür.

Parka istirahətə gələnlər monitorlarda əks olunan məlumatları canlı izləyə biləcəklər.

Eyni zamanda, parkın gecə görüntüsü də diqqət çəkəndir. İşıqlı və kifayət qədər gözəl olan parkda gecə saatlarından keçməsinə baxmayaraq, gəzintiyə çıxan və istirahət edən insanların sayı daha da artır.

Bir sözlə, Bakının arxitekturasına və gözəlliyinə əlavə element olan Dədə Qorqud parkının inşası bir daha Azərbaycan dövlətinin qüdrətini, siyasi hakimiyyətin qurub-yaratmaq niyyətini, ölkəmizdəki siyasi-iqtisadi və ictimai-sosial sabitliyini nümayiş etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə