Aztəminatlı ailələri müasir televizorla təmin etmək üçün 5 milyondan çox pul lazımdır
"MDB ölkələri artıq rəqəmsal yayıma keçidlə bağlı hədəflərini elan ediblər. MDB ölkələri 2015-ci ildə tam olaraq rəqəmsal yayıma keçəcəklər. Azərbaycanda rəqəmsal yayımla bağlı məsələlər isə 2004-cü ildən müzakirə edilir. Azərbaycanın televiziyalarının kadr və texniki potensialı imkan verir ki, biz MDB ölkələrindən daha tez rəqəmsal yayıma keçək". SİA-nın məlumatına görə, bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda analoq yayımı dayandırmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur: "Birdən-birə analoq yayımını dayandırmaq olmaz. Ona görə də bu proses paralel şəkildə həyata keçirilir. Əsas məsələ odur ki, əhalinin hamısında müasir televizorlar varmı? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda 132 min aztəminatlı ailə var. Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 dollardır. Yəni, 132 min ailəni həmin cihazla təmin etmək üçün 5 milyon 300 min manat vəsait lazımdır. Bu isə dövlətimiz üçün elə də böyük vəsait deyil".
MTRŞ-nın sədr müavini onu da vurğulayıb ki, həmin vəsaitin dövlət tərəfindən ödənilməsi ilə bağlı Şura prezident İlham Əliyevə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB