Ulu Öndər Qarsda anıldı

09 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir Qars şəhərinin Ərzurum küçəsində yerləşən Heydər Əliyevin abidəsi önündə çələng və gül dəstələrinin qoyulması mərasimi ilə başlayıb.

Sonra Heydər Əliyevin anma mərasimi Baş Konsulluğun konfrans salonunda davam etdirilib, mərasimin əvvəlində Ulu Öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Mərasimdə Qars valisi Eyyup Təpə, Qars şəhər bələdiyyə sədrinin vəkili (bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra edən) Orxan Özyılmaz, Qafqaz Universitetinin rektoru Sami Özcan, Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət üzrə rəhbəri Ensar Erdoğdu, Qars şəhər Əmniyyət (Daxili İşlər İdarəsi) müdirinin müavini Hayri Özcan, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə təmsilçiliyinin sosial layihələr üzrə administratoru Rizvan Əliyev, Ərdahan Universitetinin rektor müavini Orxan Söylemez, Qars və Ərdahan universitetlərinin professor-müəllim heyəti, həmin təhsil ocaqlarında təhsil alan azərbaycanlı və türk tələbələri, qeyri-hökumət təşkilatları, KİV-ri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş konsul A.Süleymanov qonaqları salamlayaraq mərasimdə iştirak etdikləri və Ümumilli Liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə hər kəsə öz dərin təşəkkürünü bildirib. Baş konsul dahi insanın Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər arasında çox mühüm yer tutduğunu bildirərək, onun Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi böyük xidmətlər haqqında söz açıb. Baş Konsul həmçinin Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyevin Azərbaycan xalqının etimadını qazanaraq, iki dəfə ölkə başçısı seçildiyini bildirib. Baş konsul Ulu Öndərin prezident olduğu dövrdə dəfələrlə Türkiyəni ziyarət etdiyini və ziyarət çərçivəsində Qars vilayətində olduğu zaman Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyünü diqqətə çatdırıb. Bundan əlavə Baş Konsul Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri, eləcədə Bakı-Tbilsi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi böyük layihələr haqqında söz açaraq bu layihələrin əsasını Ümumilli Liderimiz tərəfindən qoyulduğunu və bu gün də dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla apardığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra söz Qars bələdiyyə rəhbərinin vəkili (bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra edən) O.Özyılmaza verilib. Öz çıxışında O.Özyılmaz Heydər Əliyevin Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidenti olduğu dövrdə Türkiyəni dəfələrlə ziyarət etdiyini, bir çox əhəmiyyətli layihələrini Türkiyə ilə bağladığını və bu layihələrin yaradıcısı olduğunu ifadə edib.

Tədbirdə çıxış edən N.Nəsibova Azərbaycanın hər bir vətəndaşının ölkəmizdə rahat şəkildə yaşadığını və bütün bunları Ümumilli Lider Heydər Əliyevə borclu olduğunu bildirib. N.Nəsibova Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan və xaosdan qurtardığını, Azərbaycan xalqının bu günə qədər ən dahi şəxsiyyətlərdən biri olduğunu bildirib, həmçinin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə respublikamızın hər tərəfli inkişafını təmin etdiyini vurğulayıb. N.Nəsibova həmçinin Türkiyə ilə Azərbaycan ararsında bütün sahələrin inkişaf etdirilməsində Heydər Əliyevin böyük rolundan söz açıb.

Çıxışlardan sonra bu ilin noyabr ayının 1-dən 30-na qədər Respublikamızın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə attaşesi N.Nəsibova və Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğun dəstəyi ilə Qars şəhər Qafqaz və Ardahan şəhər Universitetləri üzrə təşkil olunmuş "Heydər Əliyev və Türkiyə" mövzusunda keçirilən inşa müsabiqəsinin nəticələri açıqlanıb. Belə ki, inşa müsabiqəsinin 1-ci, 2-ci və 3-cü yerləri tutan tələbələrə pul mükafatları verilib. İnşa müsabiqəsində 1-ci yerləri qazanan tələbələrə mükafatları Baş konsul və vali E.Təpə təqdim ediblər. N.Nəsibova tərəfindən Qafqaz universitetinin Azərbaycandan olan müəllimi İlkin Quliyev və Ardahan universitetinin Azərbaycandan olan müəllimi Şurəddin Məmmədliyə Heydər Əliyev adına lövhələr təqdim olunub.

Tədbirin sonunda qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən jurnal və kitablarla tanış olub, "Dahi şəxsiyyət-Heydər Əliyev" adlı sənədli film nümayiş etdirilmiş və Ulu Öndərimizin əziz ruhuna ehsan verilib. Əlavə olaraq qeyd etmək istərdik ki, Baş Konsulluq tərəfindən keçirilmiş tədbir Azərbaycanın AzTV və Lider Televiziyalarının nümayəndələri, eləcə də Türkiyənin yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə