Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, öncə universitetin professor-müəllim və tələbə heyəti Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər.
Tədbiri ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev açaraq Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkənin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Prorektor bildirib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Dahi siyasətçinin universitetin fəaliyyətini də diqqətdə saxladığını bildirən prorektor məhz Ulu Öndərin 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verildiyini söyləyib.
Dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasların öz əksini tapdığını deyən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Samir Həmidov fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycan vətəndaşlarını müəyyən məram və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideologiyasını yaratdığını bildirib. Onun hər zaman prinsipial, ədalətli, işlərində dəqiq olan şəxslərə böyük önəm verdiyini söyləyən S. Həmidov Ulu Öndərin inkişafın "Azərbaycan modeli"ni yaratdığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz gərgin fəaliyyəti ilə xalqın və dövlətin əsl rəhbəri olduğunu sübut etdiyini söyləyib. O, Ümummilli Liderin hazırlayıb həyata keçirdiyi dil siyasətinin onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olduğunu vurğulayıb.
Tədbir Heydər Əliyevin ömür yolunu və fəaliyyətini özündə əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB