Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 institutunun direktorunun səlahiyyət müddəti bitib. SİA-nın məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademik- katib Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, AMEA-nın 10 institut direktorunun səlahiyyət müddəti bitməyib: "8 institut direktoru isə bu vəzifədə əvəzedici kimi çalışır. Ümumilikdə 24 direktor vəzifəsi üzrə seçki keçirilməlidir".
Akademiyanın prezidenti Akif Əlizadə isə çıxışında bildirib ki, əksər direktorların səlahiyyət müddəti bitib: "Bununla əlaqədar planlaşdırılan seçkilər "AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında əsasnamə"yə və "AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları"na müvafiq aparılacaq. Direktor vəzifələri üzrə seçkilər keçirilməmişdən əvvəl Akademiyanın bölmələri institutlarda struktur dəyişikliklərinin aparılması ilə bağlı təkliflər verməlidirlər: "Bu təkliflər geniş müzakirə edildikdən sonra seçkilərin keçirilməsi barədə elan verilməlidir".
İclasda Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının müdiri, akademik Bəhram Əsgərov anadan olmasının 80 illiyi və fizika sahəsində göstərdiyi elmi nailiyyətləri, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə isə anadan olmasının 60 illiyi və ictimai elmlər sahəsində əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişlər.
Tədbirdə Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" jurnalının redaksiya heyəti və Fizika İnstitutunun yeni strukturu da təsdiq olunub. İclas digər elmi-təşkilati və kadr məsələləri ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB