Sabah hava soyuq və küləkli olacaq, paytaxtda sulu qar yağacaq

Sabah Azərbaycan ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya bildirilib ki, dekabrın 11-i günün ikinci yarısında qərb rayonlarından başlayaraq hava şəraiti yenidən soyuqlaşacaq. Əsasən dekabrın 12-də ölkə ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta gözlənilir.

A.Verdiyev deyib ki, dekabrın 13-də artıq hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Həmin gün Bakıda gündüz şimal küləyi mülayimləşəcək. Havanın temperaturu dekabrın 13-də gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə