Hacıqabul RİH: "Bəzi KİV rayon haqda böhtan yazır" ETİRAZ

Hacıqabul RİH: "Bəzi KİV rayon haqda böhtan yazır" ETİRAZ

"Hacıqabul rayonunda son dövrlər aparılan çoxsaylı quruculuq, abadlıq işləri bəzi qüvvələrin narahatlığına səbəb olub". Bu sətirlər SİA-nın əməkdaşının Hacıqabul rayonu barəsində son günlər bəzi kütləvi informasiya vasitələrində dərc olunan məqalələr barəsində sorğusuna Rayon İcra Hakimiyyətindən (RİH) cavab məktubundandır.

RİH rəsmisinin cavabında deyilir ki, bəzi KİV-də Hacıqabul rayonu, rayonun rəhbərliyi barədə reallıqdan uzaq, böhtan xarakterli yazılar yerləşdirilir: "Müxtəlif səbəblərdən rayon rəhbərliyindən narazı qalan bəzi şəxslərin xəstə təxəyyülü olan bu yazılar Hacıqabulun bu günü ilə qürur duyan sakinlərin nifrətinə səbəb olur. Heç bir araşdırma aparmadan verilən bu məlumatlarda iddia olunur ki, rayonun icra başçısı guya rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək dövlətdən ayrılan vəsaiti mənimsəyir. Məlumat üçün bildiririk ki, həmin şirkət ("Muğan-1" firması) 20 ildən artıqdır rayonda fəaliyyət göstərir və yolların çəkilişi və təmiri ilə məşğul olur. 2013-cü il ərzində həmin müəssisə Muğan-Meyniman-Talış kəndlərini birləşdirən avtomobil yolunun 7 km-nə 8130 kub metr qum-çınqıl qarışığından əsas qoymuş, şəhərin İ.Məmmədov küçəsinin 1,1 km-nə 4,5 metr enində 6 sm qalınlığında asfalt döşəmişdir. Eyni zamanda şəhərin İ.Qayıbov küçəsinə 300 ton hamarlayıcı qat (asfalt-beton qarışığından) verilmiş, 700 kv.metr-ə yaxın 6 sm qalınlığında asfalt salınmışdır".

Əlavə edilib ki, məlumatlarda şəhərin abadlığı üçün ayrılmış vəsaitin bir hissəsinin mənimsənilməsi kimi iddialar da əsası olmayan böhtandır: "Əvvəla bu məqsədlə rayona ayrılmış vəsaiti şişirdilmiş göstərən bəzi KİV-lər bilməli idilər ki, həmin vəsait hesabına şəhərdəki 3 ədəd 5 mərtəbəli, 10 ədəd 2 mərtəbəli yaşayış binaları əsaslı şəkildə yenidən qurulmuş, dam örtükləri yenisi ilə əvəz olunmuşdur. Şəhərin mərkəzində 1,2 hektarlıq sahədə yeni park salınmışdır. Şəhərin M.Əsədov, M.Hüseynzadə küçələrində əsaslı yenidənqurma işləri aparılmışdır. Şəhərin bir sıra küçə və ərazilərində yenidənqurma və abadlıq işləri bu gün də davam etdirilir. Görülən işlər Hacıqabulun mənzərəsini gözəlləşdirməklə yanaşı sakinlərin də razılığına səbəb olur".

Məktubda həmçinin qeyd edilib ki, rayonda başçının və ona yaxın şəxslərin bir nəfərinin də torpaq sahəsi yoxdur. Son 8 ildə Hacıqabul-Horadiz yolunun üstündə bir nəfərə olsun belə istirahət obyekti tikmək üçün razılıq verilməmişdir: "Bir daha bildiririk ki, yazılanlar şəxsi ambisiyalarını hər şeydən üstün tutan bəzi şəxslərin növbəti böhtanıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə