Raqif Abbasov: “Cari ildə gənclər siyasəti ilə bağlı beynəlxalq əlaqələr gücləndirilib” MÜSAHİBƏ
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi:
- 2013- cü ilin bitməsinə az vaxt qalıb. Cari ildə BŞGİBİ gənclər sektoru üzrə hansı nailiyyətlər əldə edib?
- Əgər biz müstəqillik dövrünün ilk dövrləri ilə 2013-cü ilin bu günə qədərki dövrünü müqayisə etsək, əlbəttə bu illər ərzində gənclər sahəsində inkişaf dinamikasını müşahidə edər, əldə olunan nailiyyətlərə sevinərik. Bu proseslər davam edir. Bir sözlə, bu müddət ərzində gənclər siyasətinə aid olan məsələlərin əhatəsi genişləndirilib, beynəlxalq əlaqələr gücləndirilib. Cari il müddətində təsdiqlənmiş tədbirlər planının əksəriyyəti həyata keçirilib, bu istiqamətdə də yeniliklər mövcuddur. Əldə olunmayan, bu və ya digər subyektiv, obyektiv səbəblərə görə icrası reallaşmayan tədbirlərin üzərində tamamlama işləri aparılır. Bütün bunları cəmləşdirərək deyə bilərəm ki, bu gün gənclər siyasəti ilə bağlı əldə olunan nailiyyətlər bizə bir addım da irəli getdiyimizi deməyə əsas verir.
- İdarənin 2013- cü ildə idman sahəsi üzrə həyata keçirdiyi işlər haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi paytaxtda aparıcı orqanlardan biridir. İşimizin əksəriyyəti Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin verdiyi tapşırıqlar üzərində qurulur. Bu gün biz olimpiya və qeyri-olimpiya idman növlərimizin sayını 55-ə çatdıra bilmişik. Həmin idman növləri üzrə mütəmadi paytaxt yarışları, çempionatlar, kubok yarışları, beynəlxalq turnirlər keçirilir. Digər idman növləri də var ki, həmin növlər üzrə də yarışlar keçirilir, sadəcə beynəlxalq standartlara cavab verə biləcək idman növü 55-dir. Sevindirici hal ondan ibarətdir ki, xanım idmançılarımızın sayı ilbəil artır.
İdarə milli idman növlərinin təbliğatı ilə bağlı işlərini daha da genişləndirib. Bilirsiniz ki, paytaxt Bakı bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bu tədbirlərin təşkilatçılığı, texniki işləri, hazırlığı, qarşılanma, yola salma, bir çox ehtiyat qüvvənin hazırlanması, milli yığma komandanın formalaşması, əvəzedici heyətin gücləndirilməsi kimi məsələlərdə paytaxt yarışlarının böyük rolu var. Yarışlar daha geniş və gərgin mübarizə şəraitində keçir. Bu da bizə onu deməyə əsas verir ki, yeni paytaxt rekordları, göstəriciləri bizi dünya standartlarına yaxınlaşdırır. Bu gün artıq Bakıda keçirilən şəhər çempionatında əldə olunan nəticələr Avropa çempionatındakı göstəricilərə maksimal yaxınlaşıb. Bu da onu deməyə əsas verir ki, paytaxt yarışından respublika yarışına vəsiqə qazanan idmançı artıq mükəmməl, formalaşmış, peşəkardır.
Bundan əlavə, İdarə tərəfindən cari il müddətində hakimlərlə bağlı bir çox seminarlar təşkil olunub. Veteran idmançılarla tədbirlərimiz davam edir, beynəlxalq əlaqələrimiz genişlənir. Ukrayna, İran İslam Respublikası, Belarus, Türkiyə, Rusiyanın Kazan şəhərinə edilən ezamiyyətlər zamanı Avropa Çempionatları, İslam oyunlarına hazırlıqla bağlı təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadilələri aparmışıq. Müxtəlif ikitərəfli əməkdaşlıqların əldə olunması ilə bağlı da iş prosesi davam edir. Cari ildə 700-dən artıq medal qazanılıb. Bu hələ tam təsdiqlənməmiş rəqəmdir. Düşünürük ki, bu rəqəm biraz da artacaq.
- Gənclər sahəsində cari il müddətində hansı ölkələrlə beynəlxalq əməkdaşlıq əldə olunub?
- Beynəlxalq əlaqələr İdarənin prioritet istiqamətlərindəndir. Bu il ölkəmizdə prezident seçkilərinin keçirilməsi ilə əlaqədar bir çox ölkələrin gənclər təşkilatları paytaxtda qonağımız oldu. İdarə onlar arasında Moldova, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Bolqarıstan kimi dövlətlərin nümayəndə heyətləri ilə dövlət gənclər siyasəti, son illərin nailiyyətləri ilə əlaqədar fikir mübadilələri aparıb. Biz paytaxt idarəsi olaraq bu il Nazirliyin xətti ilə bir neçə ökələrə ezam edilmişik.
Bundan əlavə, 2014-cü ildə gənclər sahəsi üzrə Ukrayna ilə "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində növbəti bir illik əməkdaşlıq sazişinin imzalanması da nəzərdə tutulur. İdarənin həmçinin gənclər sahəsi üzrə Bolqarıstanın Varna şəhəri ilə daimi əməkdaşlığı mövcuddur. Düşünürük ki, Şərq dövlətləri, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Azərbaycan gənclər siyasəti modelinin Qırğızıstanda tətbiqi ilə bağlı həmin ölkənin gənclər təşkilatları və müxtəlif dövlət strukturlarından bizə müraciətlər var. Bununla bağlı işlər həyata keçirilir.
- Ölkəmizdə yeni yaranan, zəif inkişaf etmiş idman növləri də var. İdarə onların inkişafı ilə bağlı hansı işlər həyata keçirir?
- Obyektiv səbəblərə görə, bu gün ölkəmizdə daha çox dövlət olimpiya və birinci Avropa oyunlarına daxil olan idman növlərinə üstünlük verilir. Bu, məntiqi cəhətdən düzdür. Biz istəyirik ki, qitə oyunlarında nəticələrimiz yaxşı olsun. Bu, həm də o ənənəvi oyunlardır ki, Azərbaycan həmin yarışlarda güclü nəticələri ilə fərqlənir. Beynəlxalq Olimpiya hərəkatında, ümumiyyətlə idman ailəsində daima yeniliklər baş verir və bir çox yeni idman növləri meydana gəlir. Əlbəttə, bu kimi idman növlərinin tətbiqi üçün hakim, məşqçi, məkan, idman qurumu və həmin növün yarışlarının keçirilməsi tələb olunur. İlk olaraq paytaxt yarışlarının keçirilməsi daha asan və düzgündür. Biz artıq Azərbaycanda populyarlıq qazanmış kapoeyra idman növünün genişlənməsinə nail ola bildik. Bilirsiniz ki bu, Braziliya idman növüdür və onun dünya çempionatı keçirildi.
Bu gün biz vaxtilə güclü olub bu və ya digər səbəblərdən zəifləmiş idman növləri haqqında danışanda çövkən, atçılıq, kamandan oxatma kimi idman növlərini sadalaya bilərik ki, hazırda bu idman növləri ilə bağlı yarışlar keçirilir, onların inkişafı ilə əlaqədar işlər həyata keçirilir. Bundan əlavə, həmin idman növlərindən biri olan zorxana ilə bağlı da yarışlar keçirilir. Zəif idman növlərinin inkişafı ilə bağlı İdarə həmçinin məktəblərdə, klublarda yarışlar təşkil edir, master klasslar keçirir ki, gənclərimiz bu idman növləri haqqında məlumatlandırılsınlar. Bir sözlə, dünyada yeni yaradılan idman növlərinin maksimal dərəcədə Azərbaycanda da tətbiqinə çalışırıq.
- 2013-cü ilə nəzər salsaq, bu il ərzində İdarə tərəfindən gənclər sahəsi üzrə nə kimi beynəlxalq və ölkə səviyyəli tədbirlər həyata keçirilib?
- Bizim gənclərlə bağlı tədbirlərimizin əsasını gənc istedadların üzə çıxarılması, sərgilər, dəyirmi masalar, konfranslar, "Xocalıya Ədalət" kampaniyası, 20 Yanvar həqiqətlərinin çatdırılması, narkomaniya ilə bağlı məsələlər təşkil edib. Bundan əlavə, cari ildə BŞGİBİ tərəfindən hərbi-vətənprəvərlik istiqamətində oyunlar, "Ali Baş Komandanın Əmrinə Hazıram" hərbi düşərgə, yay və qış universitetləri təşkil edilib. Cari ildə keçirilən tədbirlərdə həmçinin natiqliq qabiliyyətini müəyyən etmək, gənc liderləri seçmək kimi istiqamətlər də olub. Bu il müəyyən yeniliklərimiz də olub. Məsələn, paytaxt idarəsində olan mütəxəssislərimizin əksəriyyəti bir çox gənclər təşkilatlarının müraciəti əsasında gənclər siyasəti ilə bağlı mühazirələr oxuyublar. İdarə gənclər sahəsi üzrə fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində QHT-lər, Gənclər təşkilatları öz ideyalarını İdarəyə gətirirlər. Biz də öz növbəmizdə onların bir qismini özümüz həyata keçirir, digərlərini isə Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə yönəldirik. İdarənin cari ildə gördüyü işlər sırasına Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı bir çox layihələr də daxildir. Bu istiqamətdə görülən işlər hələ də davam edir. Bu il isə Ümummilli Liderin anım günü ilə əlaqədar "Ulu Öndərin İrsini Öyrənirəm" layihəsi çərçivəsində inşa yazı müsabiqəsi həyata keçirmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB