Bu həftə hər cəhətdən uğurlu olacaq ULDUZ FALI

Bu həftə hər cəhətdən uğurlu olacaq ULDUZ FALI

OĞLAQLAR istər yaradıcılıq, istərsə də məişətlə bağlı planlarını uğurla həyata keçirəcəklər. Yaxşı cəhətlərinizi nümayiş etdirmək üçün əlverişli dövrdür. Diqqətinizi əsas məqsədləriniz üzərində cəmləşdirin. Enerjinizi yarımçıq qalan işlərinizi başa çatdırmağa yönəltməlisiniz. Onda ambisiyalı planınızı rahat icra edə bilərsiniz.

DOLÇALAR diqqətlərini xidməti işlər üzərində cəmləşdirməlidirlər. Faydalı adamlarla əlaqəni kəsməyin. Dostlarınızın əhatəsində keçirdiyiniz istirahət günləri ovqatınız yüksələcəkdir. Nadan və nanəcib adamlardan uzaq olmağa çalışın.

QOÇLAR bu həftə uğurları ilə öyünmək istəyəcəklər. Utanmayın, çünki bütün bunları öz gərgin əməyiniz sayəsində qazanmısınız, indi də bəhrəsini görürsünüz. İşgüzarlığınız karınıza gələcəkdir.

BUĞALAR uzun sürən əlverişli dövrə qədəm qoyurlar. Gündəlik işlərinizdə əhəmiyyətli dəyişikliklər edəcəksiniz. Dəyişikliklər təkcə məişətinizə deyil, həm də dünyagörüşünüzə, cəmiyyətdəki mövqeyinizə təsir edəcəkdir. Ola bilsin, maraqlı iş təklifləri alacaqsınız. Yaxşı-yaxşı düşünün, "yox" deməyə tələsməyin.

ƏKİZLƏR avantüralardan uzaq olmalıdırlar. Sizə yaxşı qazanc götürmək üçün sərmayə yatırmağı təklif etsələr, düşünmədən imtina edin. Sağlam düşüncəni əsas götürün, emosiyalara uymayın. Yanlış yola düşə bilərsiniz. Geriyə dönmək isə çətin olar.

XƏRÇƏNGLƏR planlarına əl gəzdirməlidirlər. Maraqlı məlumatı göydə tutmalısınız. Onun köməyi ilə gələcəkdə işlərinizi sahmana sala bilərsiniz. İdeyalarınızı həyata keçirmək üçün həmkarlarınıza arxalana bilərsiniz. İşinizdə əsaslı dəyişikliklər baş verəcəkdir. Çox güman, karyera pillələri ilə sürətlə irəliləyəcəksiniz.

ŞİRLƏR özlərini toplayıb nəzərdə tutduqları işləri başa çatdıracaqlar. Nəticələr gözlədiyinizdən qat-qat uğurlu olacaqdır. Özünüzdə dağı dağ üstünə qoymaq əzmi hiss edəcəksiniz. Özünüzə inam hissini itirməyin. Uğur sizin tərəfinizdədir. İnsanlarla nəzakətlə və mehriban rəftar edin. Onda tərəfdarlarınızın sırası daha da genişlənəcəkdir.

QIZLAR diqqətli və mütəşəkkil olsalar xeyir tapacaqlar. Tələsmədən irəliləyin. İşlərinizi başa çatdırmaq üçün diqqətinizi cəmləməlisiniz. Yalnız bundan sonra gələcəyə planlar qura bilərsiniz. Hər hansı bir işə dost və ya doğmalarınızla birlikdə başlayın. Onlara həmişə güvənə bilərsiniz.

TƏRƏZİLƏR gördükləri işdən zövq alacaqlar. İndi imkanlarınızın zirvəsindəsiniz, uzun müddət bu vəziyyətdə qalmağa çalışmalısınız. Bir əldə bir neçə qarpız tutmayın. Bir hədəf seçin və onu düzgün nişan almağa çalışın.

ƏQRƏBLƏR, dəlilik etməyin. İşlərinizin ürəyiniz istəyən kimi getməməsi ruhdan düşməyə əsas vermir. Hadisələri qabaqlamayın. Təmkinlə hərəkət etsəniz, məsələnin həlli özü ortaya çıxacaqdır. Yalnız həmin məqamı əldən verməyin.

Bu həftə OXATANLAR üçün hər cəhətdən uğurlu olacaqdır. Siz bir çox məsələləri qeyri-adi yüngüllüklə həll edəcəksiniz. Bu proqnoz professional fəaliyyətinizə, həm də həyatınızın hər hansı digər sahəsinə aiddir. Bütün işlərinizi vaxtında və rahat şəkildə başa çatdıracaqsınız. Dəvət olunduğunuz məclisdə hazırcavablığınız və ağlınızla seçiləcək, diqqət mərkəzində olacaqsınız.

BALIQLAR bu həftə istədikləri nəticəyə nail olmaq üçün çevik olmalıdırlar. Şəxsi münasibətlərinizə xüsusi diqqət yetirməlisiniz, İşdə seçim qarşısında qalsanız, baltanı kökündən vurmayın. Səbirli olsanız, vəziyyət öz-özünə düzələcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə