İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi Azərbaycanın regionda artan nüfuzunun təsdiqidir

İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi Azərbaycanın regionda artan nüfuzunun təsdiqidir

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə SİA-nın sualını cavablandırdı

- Vüqar müəllim, ölkə Prezidenti İlham Əliyev "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülüb. Dövlət başçısının bu mükafata layiq görülməsini Azərbaycanın hansı uğurları şərtləndirir?

- Ulu öndər Heydər Əliyevin dövlətimizin siyasətinin əsasını təşkil edən bu tezisini bir daha xatırlatmaq istərdik: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Ölkəmizin hərtərəfli inkişafında iqtisadi amilin rolu inkaredilməzdir. Nəzərə alsaq ki, Azərbaycan əlverişli coğrafi məkanda yerləşir, zəngin təbii resurslara malikdir, bu halda uğurlarımızı şərtləndirən amillər özünü qadarıq şəkildə büruzə verir. Ulu öndər Heydər Əliyevin təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması bugünkü uğurlarımıza böyük yol açdı. Belə ki, neft strategiyasının əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Dünyanın 27 ölkəsini özündə birləşdirən Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi haqqında" Memorandumun imzalanması bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycan artıq regional çərçivədən çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, mövqeyini möhkəmləndirir. Bu gün ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də Azərbaycanın artan nüfuzunun təsdiqidir.

Dövlət başçısı möhtərəm İlham Əliyev çıxışlarında daim bir əsas məqamı qeyd edir ki, birgə səylər qarşıya qoyulan istənilən məqsədə yüksək səviyyədə nail olmağa əsas verir. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Bu iki kəmərin tikintisi ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bölgədə yeni enerji xəritəsini yaradıb. Azərbaycan dövləti daim milli maraqlarımıza uyğun layihələrin icrasına maraq göstərir, ölkələr arasında dostluq, əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edən təşəbbüslərin gündəmə gətirilməsinə və gerçəkləşməsinə səy göstərir. Məlum olduğu kimi, artıq TANAP və Trans-Adriatik boru kəməri layihəsinə start verilib. Bu layihələrin də təşəbbüskarı Azərbaycandır. Məhz bunun nəticəsidir ki, Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə liderliyini qorumasına əsaslanır. Bunlar reallıqdır. Bu reallıqları şərtləndirən əsas amil isə dövlətimizin ardıcıl siyasəti, müəllifi olduğu təşəbbüslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə