Ombudsman rəsmisi Heydər Əliyev adına Ali Hərbi Məktəblə tanış olub

Ombudsman rəsmisi Heydər Əliyev adına Ali Hərbi Məktəblə tanış olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbi arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri davam edir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu günlərdə Ali Hərbi Məktəbdə 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin zabitləri və kursantları da iştirak ediblər.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev tədbirdə zabit və kursantlar qarşısında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu" mövzusunda mühazirə oxuyub.

Aparatın şöbə müdiri respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, bu sahədə əldə olunan nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verib.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi, qayğısı və diqqəti sayəsində müstəqil Azərbaycan Silahlı Qüvvələrinin inkişaf edərək formalaşdığı diqqətə çatdırılıb. Onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi ardıcıl dövlət quruculuğu nəticəsində bu gün müasir tələblərə cavab verən, yüksək döyüş qabiliyyətinə və nizam-intizama malik, beynəlxalq hərbi əməkdaşlıqda, NATO-nun sülhməramlı hərbi təlimlərində fəal iştirak edən Silahlı Qüvvələr yaradıldığı vurğulanıb. Bu gün Azərbaycan əsgərinin ölkəmizin hüdudlarından uzaqlarda sülhməramlı qüvvələr tərkibində dünyada əmin-amanlıq və tərəqqi naminə xidmət etdiyi bildirilib.

Müvəkkilin nümayəndəsi Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, həmçinin Müvəkkilə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən yeni səlahiyyətlər, habelə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun xüsusiyyətləri barədə də danışıb.

Z.Əliyev çıxışının sonunda bu gün Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmətdə olan, tərbiyə məktəbi keçən əsgərlərimizin doğma yurdunu sevən əsl vətənpərvərlər kimi yetişməsi, xalqımızın hünərvər oğullarının mübariz döyüş ənənələri ruhunda tərbiyə edilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Ombudsmanın nümayəndəsi Heydər Əliyev adına Ali Hərbi Məktəbin tədris və yataqxana korpusları, kitabxanası, idman qurğuları ilə, habelə kursantların hərbi biliklərə yiyələnməsi, təlim-tərbiyəsi, asudə vaxtının təşkili üzrə vəziyyətlə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə