Bakıda Yeni il abu-havası yaşanır REPORTAJ

Bakıda Yeni il abu-havası yaşanır REPORTAJ

Yeni ilin gəlməsinə 25 gün qalsa da, artıq paytaxt küçələrində müxtəlif bayram aksessuarlarının satışına başlanılıb. Qar yağmasa da, mağazaların vitrinlərinin bayramsayağı bəzədilməsi, şəhərin müxtəlif yerlərində küknar ağaclarının qurulması Yeni ilin yaxınlaşmasından xəbər verir. Bir sözlə, paytaxt Bakıda yeni ilə hazırlıq işləri gedir.

Yolkalar hələ tam olaraq quraşdırılmasa da, yeni ilə aid oyuncaqların, şaxta babaların satışına artıq başlanıb.

Yeni ilin əsas atributu olan yolkaların qiyməti isə öçülərinə uyğun dəyişir. Belə ki, bəzəkli yolkaların qiyməti 30 manatdan başlayır. Hündürlüyü 2 metrədək olan yolkalar 700 manatdır. Hələ bu harasıdır, dükanlarda şok qiymətə - 2000 manata da yolka satılır. Qiymətin bahalığı isə onların böyüklüyü və aksessuarlarının sayı ilə əsaslandırılır.

Satıcı Məcid Məcidovun sözlərinə görə, artıq bu illəri yeni yolkalar gətirilib ki, onların da qiyməti hündürlüyünə və keyfiyyətinə görə dəyişir:

"Tailand istehsalı olan yolkalar 400 manatıdır. Çin istehsalı olan yolkalarımız isə 80 manat məbləğindədir. Hətta bəzi yolkalarımız oyuncaqları ilə bərabər 180 manatadır. Rəngi yolkalara tələbat olsa da, amma şəhər sakinləri daha çox yaşıl rəngli yolkalara üstünlük verirlər. 6 metrlik yolkanın qiyməti 1000-1500 arasında dəyişir. Bəzənməmiş halda olan yolkaların ən aşağı qiyməti isə 1000-1200 manatadır. Gün ərzində 2-3 ədəd yolka alınır. İnanırıq ki, Yeni ilə yaxınlaşdıqca alıcılıq qabiliyyəti daha da çoxalar".

Satıcı yolkanın bəzədilməsi üçün işıqların qiymətinə gəlincə deyib ki, bu 2 manatdan- 70 manata kimi dəyişir.

Şaxta babaların qiyməti isə dizaynına görə 200-250 manata kimidir. Oyuncaqlar isə 40-50-70 manat arasında dəyişir. Yolka üçün işıqlar 10 manatdan 100 manata kimidir.

Yeni il ərəfəsində paytaxtda canlanma müşahidə edilir. Belə ki, paytaxtın gəzməli-görməli yerlərinə kimisi uşağı ilə, kimisi rəfiqəsi ilə çıxaraq həm şəhəri gəzir, həm də bazarlıq edir.

Bayramın gəlişinə ən çox sevinən isə heç şübhəsiz uşaqlardır. Onlar öz valideynləri ilə parklarda, uşaq əyləncə mərkəzlərində əylənir, vaxtlarını xoş keçirirlər. Uşaqlarla yanaşı, gənclər də bayramın gəlişini xüsusi səbirsizliklə gözləyirlər. Onların üzlərində bayram əhval-ruhiyyəsini hiss etmək elə də çətin deyil.

Xatırladaq ki, bulvar ərazisində yeni il ərəfəsində sakinlərin əylənməsi üçün 10 yolka qurulacaq. Yolkaların qurulmasına dekabrın 15-dən start veriləcək. Bulvarda qurulan yolkalar arasında ən irisi Kukla Teatrının arxasında olacaq. Şaxta baba və qar qızlar isə lisenziya alandan sonra işə başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə