“Schlumberger” şirkətinin mütəxəssisləri BANM-da tələbələr üçün təqdimat keçiriblər
2013-cü ilin dekabr ayının 2-də "Schlumberger" şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun Kadrlar üzrə vitse prezidenti Aydın Kərimovə Azərbaycan üzrə kadrlar şöbəsinin rəhbəri Səbinə Tağıyeva Bakı Ali Neft Məktəbində olublar. SİA-ya verilən məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi 2 illik fəaliyyətində əldə edilmiş uğurlar, "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərin Ali Məktəbə müstəsna maraq göstərdiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin Prezident təqaüdünə layiq görüldüyü, 2013-cü ildə yeni "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına tələbə qəbulunun həyata keçirildiyi haqqında məlumat verib.
İki il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq hissləri keçirdiyini bildirən "Schlumberger" şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun Kadrlar üzrə vitse prezidenti Aydın Kərimov şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini bildirib və şirkətin kadr siyasəti haqqında məlumat verib.
Görüşdə Bakı Ali Neft Məktəbi ilə "Schlumberger" şirkəti arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə olunub və şirkətin müxtəlif təyinatlı proqram təminatının tədrisdə istifadə edilməsi haqqında razılıq əldə edilib.
Daha sonra və Mərkəzi Asiya regionunun Kadrlar üzrə vitse prezidenti Aydın Kərimov və Azərbaycan üzrə kadrlar şöbəsinin rəhbəri Səbinə Tağıyeva akt zalında "Schlumberger" şirkətinin yaranma və inkişaf tarixi, şirkətin karbohidrogen ehtiyatlarının hasilatı ilə məşğul olan qurumlarla əməkdaşlıq çərçivəsində gördüyü işlər, onun fəaliyyətinin coğrafiyası, şirkətdə işə qəbul edilmə qaydaları, kadrların seçilib yerləşdirilməsi siyasəti və şirkətin strukturlarında iş tapma perspektivləri haqqında tələbələrə məruzə etmiş və onların çoxsaylı suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB