İnsan hüquqlarını müdafiə edən yeni beynəlxalq təşkilat yaradılıb

İnsan hüquqlarını müdafiə edən yeni beynəlxalq təşkilat yaradılıb

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Assosiasiyası dünyada insan hüquqları və fundamental azadlıqları təbliğ edəcək. Ötən il əsası qoyulan Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası (International Human Rights Protection Association) artıq Belçika dövləti tərəfindən rəsmən qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Assosiasiya məlumat yayıb.

Bildirilib ki, qurumun Baş ofisi Brüsseldə yerləşəcək. Digər Avropa ölkələrində də nümayəndəliklərini yaradacaq bu beynəlxalq təşkilatın əsas məqsədi riski yüksək olan ölkələrdə insan hüquqları və fundamental azadlıqlarını təbliğ etmək, hüquq müdafiəçilərini dəstəkləmək, dünyada insan hüquqları ilə bağlı halların illik hesabatlarını hazırlamaqdır. Həmçinin, yüksək riskli ölkələrdə hüquq müdafiəçilərini birbaşa dəstəkləmək və müdafiə etmək, hüquq müdafiəçilərinin uzun və qısa müddətli məqsədlərini yerinə yetirə bilmələri üçün öz bilik və bacarıqlarının artırılmasını təmin etmək nəzərdə tutulur.

Təşkilatdan verilən məlumata görə, artıq beynəlxalq təşkilatlar və fondlarla görüşlərin keçirilməsi, birgə əməkdaşlıq istiqamətində işlərin görülməsinə başlanılıb. İlkin mərhələdə post-sovet ölkələrinə səfərlər təşkil ediləcək, həmin ölkələrdəki partnyor təşkilatlarla görüşlər keçiriləcək, oradakı insan haqları və demokratiya ilə bağlı vəziyyət öyrəniləcək. Bundan sonra həmin ölkələrdəki vəziyyətlə bağlı hesabatlar hazırlanaraq dünya ictimaiyyətinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə