“Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsi keçirilib

“Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsi keçirilib

Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən YAP Binəqədi Rayon Təşkilatının binasında Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Unudulmaz dahi" adlı inşa yazı müsabiqəsi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması, Heydər Əliyev irsinin yeniyetmə və gənclər arasında geniş təbliğ olunması, bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qeyd edib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var.

Sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb. O, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirləri xüsusi olaraq qeyd edib və bildirib ki, məktəblilər arasında inşa yazı müsabiqəsinin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ictimai-humanitar düşüncənin bütün sahələrində istiqamətləndirici məfkurə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Aygün Əliyeva müsabiqənin hər bir yeniyetmə və gəncin gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək iştirakçılara uğurlar arzulayıb.

Sonda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları müsabiqənin əsasnaməsi ilə tanış etdikdən sonra müsabiqəyə start verilib.

Müsabiqədə rayonun 32 orta məktəbindən 70 nəfər şagird iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə