Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Bu günlərdə Tatarıstanın paytaxtı Kazan şəhərində "Dünyada, Rusiyada və Tatarıstanda insan hüquq və azadlıqlarının gerçəkləşdirilməsinin effektiv mexanizmləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Almaniyanın K.Adenauer Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Kazandakı İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutunun birgə keçirdiyi konfransa Avropanın bir sıra ölkələrini təmsil edən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri, Tatarıstan Respublikasının dövlət qurumlarının nümayəndələri, hüquq üzrə beynəlxalq ekspertlər, müxtəlif universitetlərin hüquq fakültələrinin müəllimləri, professorları qatılıblar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Zaur Əliyev beynəlxalq konfransda iştirak edib. Azərbaycan Ombudsmanının nümayəndəsi konfransda "İnsan hüquqlarının müdafiəsi sahəsində qəbul olunan milli fəaliyyət planlarının və proqramlarının implementasiyasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rolu" mövzusunda çıxış edib.

Z.Əliyev qeyd edib ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında milli fəaliyyət planları və proqramları böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində müvafiq dövrün prioritetlərinə uyğun belə sənədlər qəbul olunub. Ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu baxımdan xüsusi yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və bu istiqamətdə həyata keçirilən islahatların məntiqi davamı olaraq, ölkə başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ölkəmizin həyatında mühüm hadisə olmuşdur. Hər iki sənədin həyata keçirilməsi dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına, insan hüquqlarının daha effektiv müdafiəsinə və təmininə xidmət edib.

Müstəqil monitorinq mexanizmi qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının müəyyən edildiyi, hazırda Milli Fəaliyyət Proqramının (MFP) həyata keçirilməsinin əlaqələndirilməsi, dəyərləndirilməsi funksiyasını daşıyan İşçi Qrupunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, MFP konseptual, miqyaslı xarakter daşıyır və dövlət başçısının 2011-ci il 29 noyabr tarixli Sərəncamına əsasən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilir. Bu sənəd bir daha göstərir ki, insan hüquqlarının müdafiəsi ölkəmizdə prioritet istiqamətlərdəndir.

Ombudsman Aparatının məsul nümayəndəsinin çıxışı maraqla qarşılanmış, çoxsaylı suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə