Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edilib.

Lahiyə barədə ətraflı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışı zamanı bildirib ki, layihə Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub: "Yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək. Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törəildikdə 1000 manat cərimə tətbiq olunacaq, mövcud dəyişikliklər problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək".

Millət vəkili Fazil Mustafa mövcud dəyişikliklərlə bağlı fikirlərini səsləndirərkən vurğulayıb ki, sanksiyaların artırılması müsbət haldır: "Avtoxuliqanlıqla məşğul olanların böyük əksəriyyəti məhz gənclərdir. Gəncləri bu kimi mənfi işlərdən uzaqlaşdırmaq üçün başqa sahələrə cəlb etmək lazımdır. İdman komplekslərinin gənclərin üzünə açılması işini daha da sürətləndirməliyik. Çünki gənclər öz enerjilərini çıxartmaq istəyirlər. Bu da olmayanda avtoxuliqanlıq etmək fikrinə düşürlər. Cəzaları artırmaqla kifayətlənmək olmaz. Buna görə də hesab edirəm ki, cəza sanksiyalarını artırmaq əvəzinə söylədiyim istiqamətdə işləri daha da sürətləndirmək lazımdır".

Millət vəkili Elmira Axundova isə qeyd edib ki, son zamanlar avtoxuliqanların günahı səbəbindən ölüm sayları artıb və buna görə də Məcəlləyə edilən dəyişikliklər təqdirəlayiqdir.

Qeyd edək ki, dəyişikliklər müzakirələrin sonunda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə