Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür. SİA-nın məlumatına görə, ilk dəfə 1988-ci ildə təsis edilən QİÇS günü bu il artıq 25-ci dəfədir ki keçirilir.
XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik - bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
QİÇS-in vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan edir.
Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.
Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB