“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”

Müstəqil ekspert, "Qruzia Online" İnformasiya Agentliyinin direktoru Qoça Qvaramia oktyabrın 31-i və noyabrın 1-də Azərbaycan paytaxtında keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olub.

Qoça Qvaramia deyib: "Azərbaycan, xüsusən də onun paytaxtı Bakı şəhəri, hər kəsin oraya səfər etməsinin vacib olduğu gözəl məkandır. Sovetlər dönəmində, yaxud 6-7 il bundan əvvəl Bakıda olmuş insanlar, xüsusilə xarici ölkə vətəndaşları indi şəhəri tanıya bilməzlər. Günəşli Azərbaycanda olmuş hər kəs bu fikri təsdiq edə bilər.

Oxumaqla, fotoşəkillərə baxmaqla bu ölkəni dərindən tanımaq mümkün deyildir. Adamlarla canlı ünsiyyət buna daha yaxşı əsas verir və mən həmişə məhz bu qənaətdə olmuşam".

Bakıda ilk dəfə olduğunu deyən ekspert xüsusi vurğulayıb ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna dəvət alması onun illər boyu arzuladığı bu şəhəri görməsinə əla bir fürsət yaradıb. Bildirib ki, böyük məmnuniyyətlə qeydiyyatdan keçmək üçün texniki məsələləri həll etdim. Hədər deməyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bakı ilə tanışlıqdan sonra bu el məsəlinin əyani şahidi oldum. Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayaraq əhalinin mehribançılığını, qonaqpərvərliyini hiss etdim.

"Qruzia Online" informasiya agentliyinin direktoru deyib: "Bütün emosiyalarımı sözlə ifadə etməkdə, sözün əsl mənasında acizəm. Forumda 70 dövlətin 800-dən çox nümayəndəsi iştirak edirdi. Yüksək səviyyədə təşkilatçılıq bütün iştirakçıları heyran qoymuşdu. Hər şey saat mexanizmi kimi dəqiq işləyirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında dövlətin əldə etdiyi nailiyyətlər, daxili və xarici siyasəti barədə ətraflı məlumat verib.

Onun diqqətə çatdırdığı ölkənin başlıca investisiya siyasəti - təhsildə fərqlənən tələbələrin dünyanın aparıcı ali təhsil müəssisələrində dövlət maliyyəsi hesabına oxumağa göndərilməsi çox gözəl bir nümunədir. Çünki həmin tələbələr xaricdə təhsillərini başa vurduqdan sonra əldə etdikləri bilik və qabiliyyətlərini Azərbaycanın inkişafı və tərəqqisinə sərf etmək üçün mütləq Vətənə qayıtmalıdırlar. Hər il isə Azərbaycandan xarici ölkələrin aparıcı universitetlərində təhsillərini davam etdirmək üçün 500-dən çox tələbə göndərilir. İşə bu cür yanaşma nəticəsində Azərbaycanın növbəti 5-6 ildə regionda ən yüksək ixtisaslı və sabit ölkəyə, həmçinin yüksək mədəniyyət, elm mərkəzinə çevriləcəyinə, heç kəsin heç bir üsulla onun siyasətinə təsir edə bilməyəcəyinə tam əminəm".

Bakının həm gündüzünün, həm də gecəsinin cazibədarlığını vurğulayan gürcü ekspert bu mənzərəni sözlə ifadə etməyin çətin olduğunu söyləmiş, adamlara onu görüb dərk etmələrini məsləhət görüb.

Bildirib ki, bakılılar çox mehriban, safqəlblidirlər. Hər kəs öz işi ilə məşğuldur, bu isə bütün dövlət üçün sabitliyin başlıca təminatıdır.

Qoça Qvaramia Azərbaycanın tolerant ölkə olduğunu və onun düşmənlərinin böhtan xarakterli təbliğatının əsassızlığını vurğulayıb. Qeyd edib ki, mən Bakıda sinaqoqu, iki xristian və bir erməni kilsəsini gördüm, tolerantlığa, dözümlülüyə dair çoxlu belə faktların şahidi oldum. Bütün bunlar düşməncəsinə fəaliyyət göstərən təbliğat maşınının fitnəkar niyyətlərini puça çıxarır.

Ekspert Azərbaycan həqiqətləri barədə ətraflı məlumat aldığı bu mötəbər Foruma dəvətə və göstərilən böyük diqqət qayğıya görə onun təşkilatçılarına təşəkkür edib. O, ölkədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun layiqincə davam etdirildiyini vurğulayıb, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın müsbət imicinin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib, Azərbaycan xalqına, bütün Qafqaza sülh, rifah arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə