Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına müvafiq olaraq, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq olunmuş cədvələ əsasən kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 29-da Salyan rayonunda Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Cəbrayıl, Neftçala və Biləsuvar rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin idarə və təşkilatlarının, digər struktur rəhbərlərinin də iştirak etdiyi qəbulda 60 vətəndaşın müraciətinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, müraciətlərin bir çoxu yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Müraciətlər əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin daha uzun müddətə verilməsi, pambıqçılığın inkişafına dövlət dəstəyi və məhsulun satış qiymətinin artırılması, tədarük məntəqələrinin yaradılması, kooperativlərin təşkil edilməsi, drenaj kollektor şəbəkələrinin təmizlənməsi kimi məsələlərlə bağlı olub.
Vətəndaşlar yerlərdə qəbulların təşkilinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra nazir Heydər Əsədov Salyan rayonunda südlük-maldarlıq üzrə 1070 başlıq özəl damazlıq "Nurgün-aqro" MMC-də yaradılmış şərait və işlərin gedişi ilə tanış olub, məsləhət və tövsiyələrini verib. Həmçinin yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalanma və damazlıq işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, nazir bölgədə nazirliyin tabeçiliyində olan idarə və müəssisələrin, o cümlədən "Aqrolizinq" ASC-nin filialının fəaliyyətinə də baxış keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB