Bakı Şəhər İcra Hakimiyyəti baxçalardakı qanunsuzluqlarla bağlı məlumat yaydı

Bakı Şəhər İcra Hakimiyyəti baxçalardakı qanunsuzluqlarla bağlı məlumat yaydı

Məlum olduğu kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin 27.11.2011 tarixli 1941 saylı Sərəncamı ilə uşaq bağçaları və körpələr evlərinin idarə olunması Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu sahədə böyük işlər həyata keçirilib. Cənab Prezidentin xüsusi diqqət və qayğısı, Heydər Əliyev fondunun təşəbbüskarlığı və himayədarlığı sayəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində son illərdə görülən yüksək səviyyəli əsaslı təmir işləri və müasir avadanlıqlarla təchizatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 218 saylı qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil müəssələrinin nümunəvi nizamnaməsinə əsasən müəyyən edilmiş körpə yaşlı uşaqlar üçün qruplarda 15, bağça yaşlı qruplarda isə 20 nəfər olmaqla gün ərzində dörd dəfə uşaqların təzə və təravətli ərzaqla təmin edilməsi uşaq bağçaları və körpələr evlərinə marağın artmasına səbəb olub. Belə ki, əvvəllər dövlət tərəfindən maliyyələşən uşaq bağçalarına uşaqların cəlb olunması problemi ilə üzləşirdiksə, indi isə əksinə, dövlət uşaq bağçaları və uşaq evlərinə böyük marağ və güclü axın yaranıb.

Lakin bu gün Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə almaq istəyən uşaqların təlabatının bir hissəsinin ödənilməsi, uşaq bağçaları və körpələr evinin müvəqqəti azlığı uşaqların bağçalara qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən çətinliklər və problemlər yaratmaqdadır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla, qanunsuzluqlara yol verirlər.

Bununla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilib və bu sahədə baş verən qanunsuzluqların və neqativ halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülüb, müxtəlif cəza tədbirləri görülüb. Məhz bunun nəticəsində işdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə onlarla müdir və işçilər işdən kənarlaşdırılıb, bir qisim işçilər barəsində isə ciddi intizam-tənbehi görülüb.

Lakin bu sahədə aparılan ciddi iş və görülən məqsədyönlü tədbirlər sayəsində yüksək nəticələr əldə olunmasına baxmayaraq, hələ də yerlərdə müəyyən nöqsanlara yol verilməsi halları müşahidə olunmaqdadır. Belə ki, son günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə daxil olmuş məlumat tərəfimizdən reaksiyaya səbəb olub və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının şəxsən iştirakı ilə müvafiq komisiya tərəfindən araşdırma həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən edilib ki, 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayına qədər olan müddətə həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyatı olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub. Həmin qanunsuz tərbiyəçilik edən şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar- gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamiş suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkmiş, sonradan isə bu video görüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.

Eyni zamanda araşdırma zamanı həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxıb ki, nəticədə bağça müdirəsi M.Rəhimova dərhal işdən azad edilib və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.

Uşaqlar xalqımızın ən böyük sərvəti, millətimizin, dövlətimizin sağlam və işıqlı gələcəyidir. Sağlam gələcəyimiz naminə Bakı Şəhər İcra Hakimiyyəti adından sizlərə müraciət edirik: Uşaq bağçaları və körpələr evlərinin bütün təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirildiyindən uşaq bağçalarına kənar ərzaq məhsullarının gətirilməsi, normadan artıq uşaqların bağçaya qəbul edilməsi və kənar şəxslərin bağçalara daxil olması qəti qadağandır.

Əgər Bakı Şəhərində fəaliyyət göstərən uşaq bağçalarında və körpələr evlərində baş vermiş hər hansı qanunsuzluq və neqativ hallara rast gəlindiyi halda bunlara göz yummadan yazılı şəkildə dərhal Bakı Şəhər İcra Hakimiyyətinə və Respublika Prokurorluğu yanında Baş Korrupsiya İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur.

Qəti əminliklə deyə bilərik ki, Möhtərəm Prezidentimizin və Heydər Əliyev fondunun prezidenti UNESKO–nun xoşməramlı səfiri Mehriban xanımın bilavasitə dəstəyi və himayəsi ilə uşaq bağçaları və körpələr evində təlim-tərbiyə almaq istəyən uşaqların sayının təlabata uyğunlaşdırılması məqsədi ilə Bakı şəhərində bağça və uşaq evlərinin təmiri daha da sürətləndirilmiş, bağça və uşaq evlərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasını nəzərə alaraq boşaldılmış bağçaların təmirinə rəvac verilmiş və yeni bağçaların tikintisinə başlanılıb. Əminik ki, qısa zaman kəsiyində uşaq bağçalarına və uşaq evlərinə olan təlabatın ödənilməsinə və məktəbəqədər təhsil müəssələrində təhsil və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə və bu sahədə şəffaflığın tam təmin olunmasına nail olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə