Ombudsmanın Gəncə Regional Mərkəzi Respublika QİÇS-lə Mübarizə Mərkəzi il birlikdə Gəncə Dövlət Universitetində "QİÇS-lə mübarizə və bu xəstəliyə yoluxan şəxslərin hüquqları" mövzusunda tədbir keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1- dekabr Beynəlxalq QİÇS-lə Mübarizə Gününə həsr edilən tədbirdə Mərkəzin eksperti S.Nadirova, Gəncə Regional QİÇS laboratoriyasının rəhbəri A.Əsədova, şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, habelə universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, İnsan İmmunçatışmazlığı Virusunun ağır sosial-iqtisadi problemlər törətməsi, ölkəmizdə bu təhlükəli xəstəliyin qarşısının alınması üçün dövlət təminatları, o cümlədən xəstəliklə mübarizə məqsədi ilə 2010-cu ildə qəbul edilmiş "İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu, barədə məlumat verib.
O, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində "İnsan İmmunçatışmazlığı Virusuna yoluxdurmaya" görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
QİÇS-lə Mübarizə Mərkəzinin eksperti S.Nadirova bu xəstəliyin törətdiyi ağır fəsadlar, xəstəliyin yoluxma yolları, QİÇS-lə bağlı statistik məlumatlar, Gəncədə yerləşən Regional HİV laborotoriyasına müraciət etmək qaydası və bu xəstəliyə qarşı mübarizə tədbirləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə gənclərin dünyagörüşünün artırılması, onların daha təhlükəsiz həyat naminə tibbi biliklərə yiyələnməsi istiqamətində qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirilib.
Gəncə Dövlət Universitetinin prorektoru və Gənclər təşkilatının sədri bu əhəmiyyətli tədbirin təşkilinə görə Ombudsman Elmira Süleymanovaya və regional mərkəzin əməkdaşlarına minnətdarlığını bildiriblər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB