Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyinin Polis Akademiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Azərbaycan Hüquqşünasları Konfederasiyası, AMEA-nın İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu ilə birgə Polis Akademiyasında "Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfrans BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr olunub.
Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanları və beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, tanınmış hüquqşünas alimlər, habelə Polis Akademiyasının şəxsi heyətinin təmsilçiləri, müəllimləri və müdavimləri iştirak ediblər.
Konfrans iştirakçıları ilk olaraq akademiyanın ərazisində Heydər Əliyev Mərkəzini ziyarət edib, ümummilli liderin abidəsi önünə əklil qoyublar.
Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev tədbirdə giriş sözü ilə çıxış edərək, Müvəkkilin təşəbbüsü ilə keçirilən bu konfransın Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığın daha bir təzahürü olduğunu, bu qurumla birgə ötən dövrdə paytaxtda və regionlarda polis əməkdaşları üçün bir çox maarifləndirici tədbirin təşkil edildiyini, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da davamlı olacağını söyləyib, Polis Akademiyasının fəaliyyəti barədə məlumat verib.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Ombudsman təsisatının Polis Akademiyası, həmçinin bu tədbirin təşkilatçıları olan adı çəkilən qurumlarla, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O, başa çatmaqda olan bu ilin ölkəmizdə bir sıra əhəmiyyətli hadisələrlə, o cümlədən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçkilərdə inamlı və qətiyyətli qələbəsi ilə yadda qalacağını vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının rəhbəri Əli Hüseynli konfransın aktual əhəmiyyət kəsb etdiyini, ölkəmizin insan hüquqlarının müdafiəsinə təminat olaraq, demokratik idarəetməni və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçdiyini bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva konfransda əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb, respublikamızda insan hüquqlarının təminatı sahəsində əldə olunan uğurlardan danışıblar.
Sonda rəsmilər bir sıra mövzularda çıxışlar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB