Nazir iclasda 13 TSEK rəhbərini işdən çıxardı

Nazir iclasda 13 TSEK rəhbərini işdən çıxardı

"Mənə verilən ən mühüm tapşırıqlardan biri şəhər və rayonlar üzrə Tibbi Sosial Ekspert komissiyaların fəaliyyətini yenidən qurmaqdır. Qısa müddət ərzində də bu problemi həll edəcəyik. Nəinki həmin komissiyaların fəaliyyəti yenidən qurulacaq, hətta onların işlərini tənzimləyən qanunvericilik aktlarında da müəyyən dəyişikliklər nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi iclasda bildirib.

Onun sözlərinə görə, bu gün tamamilə çirkaba bulaşmış komissiyaların fəaliyyəti şəffaf və təmiz əsaslarla yenidən bərpa olunacaq: "Bugünkü iclasda işini itirəcək insanların sayı çox olacaq. Bizim şəhər və rayonlarda elə Tibbi Sosial Ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir. Bütün bunlar da insanlarda yalnız nifrət hissi oyadır. Lakin bütün cəmiyyət də bilir ki, həmin komissiyalar nələrin hesabına min oyunlardan çıxırlar".

Daha sonra çıxış edən nazir müavini Natiq Məmmədov rayonlarda fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK) göstəricilərini açıqlayıb. 31 nömrəli zona Masallı-Yardımlıda 9,9 faiz nəfərə əlillik dərəcəsi verilib. 22 nömrəli zona Ağdam- Ağcabədidə 36,9 faiz, 30 nömrəli zona Biləsuvar-Cəlilabad 36,3 faiz, 27 nömrəli zona Qazax-Ağstafa 34 faiz əlillik dərəcəsi qeydə alınıb. Orada əhalinin sayı nəzərə alınmadan əhaliyə əlillik dərəcəsi verilib. Misal olaraq, Muxtar Respublikasında 423 min 517 nəfər əhali olduğu halda 17,6 faiz intensivlik göstəricisi qeydə alınıb.

Nazir Səlim Müslümov isə deyib ki, Naxçıvanda bu proses Avropa standartlarına uyğun aparılır: "Ali Məclis sədrinin qərarı ilə əlillik dərəcəsi alanların hər biri yoxlanışdan keçirilib. Bundan sonra əlillik dərəcəsi ilə təqaüd alan insanların sayı kəskin azalıb. Bu proses Azərbaycanın bütün regionlarında gedəcək. Bu gündən etibarən araşdırmalara başlanılacaq. Qeyri-qanuni yolla əlilliyə görə təqaüd alan şəxslərin dərəcələri ləğv ediləcək".

Nazir müavini çıxışının davamı olaraq bildirib ki, hazırda respublika üzrə ilkin əlillik təyin edilmiş, lakin müayinə aktından çıxarış verilməmiş işçilərin sayı 17 298 nəfərdir: "16 nömrəli zona Balakən-Zaqatalada 736 nəfərə əlillik dərəcəsi verilib. Burada ilkin əlillik təyin olunub, lakin arayışlar verilməyib. 20 nömrəli zona Göyçay-Ağsu-Kürdəmirdə 1047 sənəd stolun üstündə qalıb".

Qeyd edək ki, bugünkü iclasda S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə