Daq Siqurdson: Azərbaycanda vətəndaşsızlıqla bağlı problem cüzidir

Daq Siqurdson: Azərbaycanda vətəndaşsızlıqla bağlı problem cüzidir

Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyi ilə bağlı səylərin birləşdirilməsi məqsədilə Vətəndaşsızlığa dair Məşvərət İclası keçirilib. SİA-nın məlumatına tədbirdə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson, millət vəkili Çingiz Qənizadə, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nazim Salmanov, QHT nümayənəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, Azərbaycanda vətəndaşsızlıqla bağlı problem cüzidir: "Bu məsələ ilə əlaqədar bir neçə dəfə bununla bağlı sənədlər imzalanıb. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verilib. Belə ki, 250 min Ermənsitandan gələn, 50 min məhsəti türkləri, 7 min isə İrandan gələnlər idi".

Millət vəkili Çingiz Qənizadə isə deyib ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib, 1996-cı ildə Azərbaycan "Apatridlərin statusu haqqında" 1954-cü il Konvensiyasına və "Vətəndaşsızlıq hallarının azaldılmasında" 1961-ci il Konvensiyasına qoşulub. Azərbaycan Miqrasiya Məcəlləsini parlamentdə qəbul etməklə bu sahədə problemləri həll etmək üçün önəmli bir addım atdı. Millət vəkili bildirib ki, Azərbaycan elə bir məkanda yerləşir ki, buraya digər ölkələrdən qaçqınların da gəlməsi mümkündür.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda olan məcburi köçkünlərin də statusunun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan ən çox qaçqın və məcburi köçkün ordusunu özündə cəmləşdirən ölkələrdən biridir. Azərbaycan dövləti məcburi köçkünlərin qayğısına qalır, ancaq hesab edirəm ki, BMT məcburi köçkünlərin də statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir".

Tədbirdə çıxış edənlər bildiriblər ki, BMT QAK-ın 2012-ci ilə olan rəsmi statistikasına əsasən dünyada 3.4 milyon vətəndaşlığı olmayan insan var. Vurğulanıb ki, əsas boşluqlar dünyada vətəndaşsızlığa dair dəqiq məlumatların olmaması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə