Bakı Olimpiya Stadionunun tikintisi və istismarı ilə bağlı dinləmələr keçirilir
Sabunçu rayonu ərazisində inşa edilən Bakı Olimpiya Stadionunun tikintisi və istismarı dövrü üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) sənədinin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin nəzərə alınması məqsədi ilə dinləmələr keçirilir. Sənədlə ictimaiyyətin sərbəst tanış olmasına şərait yaradılıb.
SİA-nın məlumatına görə, dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Sabunçu rayon İcra Hakimiyyətinin, yerli icra orqanları və bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, o cümlədən yerli icmaların nümayəndələri iştirak ediblər. Görüşdə 2015-ci ildə 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün, o cümlədən bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisə olduğu vurğulanıb, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, idmana dövlət dəstəyi və bu istiqamətdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib.
Tədbirdə Bakı Olimpiya Stadionunun sifarişçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri təqdimatlarla çıxış edib, stadionun tikinti və istismarı dövrü üçün hazırlanan ƏMSTQ layihəsinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə ərazisində həyata keçirilmiş rekultivasiya işləri, Böyükşor gölünün ekoloji bərpası, neft və neft məhsullarından təmizlənmiş ərazilərdə yeni infrastrukturların salınması prespektivləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Görüşdə ƏMSTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib.
İctimai dinləmənin nəticəsi kimi, ƏMSTQ sənədi ilə əlaqədar iştirakçılar tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınaraq, sənədin yekun variantı hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB