Lənkəranda “Yerli demokratiya həftəsi” çərçivəsində dəyirmi masa keçirilib FOTO

Lənkəranda “Yerli demokratiya həftəsi” çərçivəsində dəyirmi masa keçirilib FOTO

Noyabrın 25-dən dekabrın 1-dək Azərbaycanda "Yerli demokratiya həftəsi" keçirilir. Həftəlik çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da müxtəlif tədbirlər düzənlənir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, noyabrın 28-də həftəlik çərçivəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsində dəyirmi masa keçirilib.

"Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılması" mövzusuna həsr olunmuş dəyirmi masanı giriş sözü ilə açan Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov yerli demokratiya həftəsi ilə əlaqədar tədbirlər planı haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev "Yerli demokratiya həftəsi"nin keçirilməsinin məqsədlərindən söz açıb.

Sonra Lənkəran şəhər bələdiyyəsi sədrinin birinci müavini Tağı Məmmədov "Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılmasında bələdiyyələrin rolu" mövzusunda məruzə edib.

Dəyirmi masada iştirak edən Lənkəranın ali və orta ixtisas müəssisələrinin tələbələri tərəfindən bir sıra təkliflər irəli sürülüb və onları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün Azərbaycanda "Yerli demokratiya həftəsi" çərçivəsində Gərmətük bələdiyyəsində "Açıq qapı" günü keçirilib.

Tədbiri giriş sözü ilə Gərmətük bələdiyyəsinin üzvü Rahidə Fərəcova açaraq ərazidə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, eyni zamanda, bələdiyyənin gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Sonra Gərmətük qəsəbə sakini Baloğlan İbadov, Kosalar kənd sakini Barat Yunusov, Velədi kənd sakini Həsənəli Hüseynov, Bala Şürük kənd sakini Azad Cavadov və başqaları çıxış edərək yaşadıqları ərazilərdə Gərmətük bələdiyyəsinin gördüyü işlər barədə söhbət açıblar, bəzi mövcud problemləri diqqətə çatdırıblar.

Azərbaycan Respublikası Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev "Yerli demokratiya həftəsi" nin keçirilməsinin əhəmiyyətindən söhbət açıb, yerli bələdiyyələrin qarşısında duran vəzifələr, vətəndaşların arzu və təkliflərinə həssaslıqla yanaşılmasının, onların sosial problemlərinin həlli məsələlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə