Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi xanım Raşida Mancunu qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə onu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul nümayəndəsi xanım Bernadette Arditi müşayiət edib.
Ombudsman fəaliyyətində dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlarla, o cümlədən nüfuzlu beynəlxalq qurum olan BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa önəm verdiyini bildirib.
Xüsusi məruzəçi insan hüquqları sahəsində mühüm problemlərdən olan qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində ölkəmizdə aparılan işlərlə, habelə Müvəkkilin bu sahədə fəaliyyəti ilə maraqlanıb.
Müvəkkil müasir qloballaşma dövründə dövlətlərin davamlı inkişaf strategiyalarına müvafiq olaraq öz prioritetlərini müəyyənləşdirdiyini bildirib. Ölkəmizdə əhalinin bütün qruplarının maraqlarının və onların fundamental insan hüquqlarının təmin olunmasına, həmçinin qadınların hüquqlarının müdafiəsinə də diqqətlə yanaşıldığı nəzərə çatdırılıb.
E.Süleymanova hələ BMT-nin 65 il əvvəl İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini qəbul etməklə ölkələri və xalqları hər hansı bir əlamətə, o cümlədən cinsinə görə ayrı-seçkiliyə yol vermədən əsas insan hüquqlarının təmin olunması üçün bərabərlik prinsiplərinin bərqərar olunmasına çağırdığını diqqətə çatdırıb. Bu prinsiplərin bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında, milli qanunvericilikdə öz əksini tapdığı vurğulayıb.
Dövlətimizin insan yönümlü siyasətinin, həmçinin beynəlxalq strategiyaların, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun və digər sənədlərin ölkəmizdə qadın hüquqlarının daha səmərəli müdafiəsi üçün imkanlar açdığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı və səmərəli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Müvəkkil bildirib ki, mühüm beynəlxalq tədbirlər kimi yadda qalıb Vyana, Pekin, Cakarta və Qahirə konfranslarının adı çəkilən istiqamətdə tövsiyələrinin əsas prioritetlər olduğu vurğulanmış, Minilliyin İnkişaf Məqsədlərində gender bərabərliyi, ana ölümü və uşaq ölümü ilə bağlı müddəaların qadınların hüquqları ilə bağlı olduğu önə çəkilib. E.Süleymanova qeyd edib ki, ümumqəbul olunmuş qaydaya əsasən, qadınların və kişilərin hüquq bərabərliyinin gerçəkləşməsindən ötrü onlar üçün bərabər imkanların yaradılması zəruridir.
Ombudsman təsisatında əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyi üzrə xüsusi müşavirin fəaliyyət göstərdiyi vurğulanıb.
Müvəkkil Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə haqqında Konvensiyası üzrə təkliflər verdiyini, bunların bəzilərinin nəzərə alındığını söyləyib. O, qadına qarşı zorakılıq probleminə fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, aradan qaldırılması yollarını üzə çıxarmağın, ahıl qadınların, tənha anaların da hüquqlarının müdafiəsinin vacibliyini, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının yolverilməzliyinin, qadınların regionlarda fəallığının artırılmasının, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakının, vəzifələrə irəli çəkilməsinin, qadın sahibkarlığının genişləndirilməsinin, qadın hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokoluna uyğun olaraq, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildiyi və Müvəkkilin MPQ qrupunun yaradıldığı vurğulanıb. Tutulan və ya azadlığı başqa cür məhdudlaşdırılan şəxslərin, o cümlədən qadınların saxlanıldığı müəssisələrə monitorinqlərin, uzunmüddətli başçəkmələrin həyata keçirildiyi bildirilib.
E.Süleymanova qadınlara qarşı zorakılıqla mübarizəni müxtəlif mərhələlər üzrə aparmağı təklif edib. Ən əvvəl, preventiv üsullarla qarşısını almaq, hüquqi maarifləndirmə, ailələrlə, icmalarla görüşlər, söhbətlər və izahat işi aparmaq, həmçinin zorakılıq hallarının aşkar olunması, pozulmuş hüquqların bərpası, xüsusi sığınacaqların, krizis mərkəzlərinin yaradılması, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımların göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi vacib sayılıb.
Ombudsman qonaqları təsisatda hazırlanmış müvafiq ədəbiyyat, lifletlər və plakatlarla tanış edib.R.Mancu Müvəkkilin insan hüquqlarının, o cümlədən qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini və təcrübəsini yüksək dəyərləndirib, səmimi qəbul, faydalı təkliflər, fikir mübadiləsi və çoxsaylı suallarının cavablandırılmasına görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB