Ombudsmanın aparat rəhbəri AŞPA məruzəçisi ilə görüşüb

Ombudsmanın aparat rəhbəri AŞPA məruzəçisi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin ölkəmizdə faktaraşdırıcı səfərdə olan məruzəçisi xanım Mayls Repsi qəbul edib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, A.Səfixanlı Ombudsman təsisatının insan hüquqları sahəsində uğurla fəaliyyət göstərdiyini, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın fəaliyyətində dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlarla, o cümlədən nüfuzlu beynəlxalq qurum olan Avropa Şurası ilə əməkdaşlığa önəm verildiyini bildirib.

Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MPF) təsdiq edildiyi, həmin proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü, vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb. Bu sənədin təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda Ombudsman tərəfindən ictimai dinləmələrin keçirildiyi vurğulanıb.

Bundan əlavə görüşdə ölkə prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının təsdiq edildiyi bildirilib. Məruzəçinin Müvəkkilin səlahiyyətlərinə dair sualına cavab olaraq qeyd edilib ki, Ombudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərə əsasən, Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və ona verilən səlahiyyətlər genişləndirilib.

Ombudsman təsisatında fəaliyyət göstərən Milli Preventiv Qrupun (MPQ) fəaliyyətini uğurla davam etdirdiyi vurğulanıb. Belə ki, MPQ-nin respublikada fəaliyyət göstərən azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələr, müvəqqəti saxlama təcridxanaları, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlar, psixiatriya xəstəxanalarına mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq etmədən , o cümlədən plandankənar başçəkmələr həyata keçirdiyi qeyd edilib.

MPQ-nin rəhbəri Vüqar Məhərrəmov başçəkmə zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın keyfiyyəti, habelə məhkumlara tətbiq olunan islahetmə vasitələri, onların asudə vaxtının təşkili, cəzaçəkmə müəssisələrinin rəhbərlərinə verilənəvvəlki tövsiyələrin icrası vəziyyətinin yoxlanılması kimi məsələlərin diqqətdə saxlanıldığını, saxlanılan şəxslərlə təklikdə və konfidensial görüşlərə üstünlük verildiyini bildirib: "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair" 2009-2010-cu və 2011-ci illər üzrə hesabatın Azərbaycan və ingilis dillərində nəşr olunduğu vurğulanıb.

A.Səfixanlı qeyd edib ki, Müvəkkil özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırır və məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayır. Fəaliyyət göstərdiyi 11 il ərzində Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 409 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və b. məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Qonağın təsisatın regional mərkəzləri ilə bağlı sualı da cavablandırılmış, Müvəkkilin Quba, Şəki, Cəlilabad və Gəncə şəhərlərindəki regional mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.

Ombudsmanın peşə vəzifəsini yerinə yetirərkən jurnalistlərin hüquqlarının müdafiəsini daim nəzarətdə saxladığı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə regionlarda media təmsilçiləri üçün maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

Mayls Reps səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə