ÇPA-da daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilib

Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb
ÇPA-da daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilib

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilən namizədlərin sıra baxışı keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma mərasimi olub. Alay komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.

Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirərək, tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə