Ünvanlı sosial yardımların ünvanlığının təmin olunması və şəffaflığını daha da artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuata və əhaliyə müraciət edib. SİA-nın məlumatına görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu vaxta qədər aparılan təyinatların hamısı dövlət başçısı tərəfindən aztəminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısı həmin kateqoriyadan olan insanlara verilməyib: "Ona görə də bu günə qədər təyinat aparılmış ünvanlı sosial yardım alan şəxslərin tərkibi tərəfimizdən araşdırılmaqdadır. Bu məsələdə biz mətbuata və ümumilikdə ictimaiyyətin nümayəndələrinə müraciət edərək onların məlumatlarına ehtiyac duyuruq".
Ç.Əliyev bildirib ki, noyabr 1-nə olan məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 14 157-dir: "Nazirliyin saytında yerləşdirilən məlumatlara baxmaqla, bu ailələrin hamısının aztəminatlı ailələr olduğunu müəyyənləşdirmək çətindir. Rayon və şəhərlərdə əhalinin aztəminatlı olan şəxslərinə müraciət edirəm – onlar nazirliyin səhifəsində yerləşdirilən adlı siyahıya baxmaqla, aztəminatlı təbəqəyə aid olmayanları müəyyən edə bilərlər. Eyni zamanda rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində adlı siyahılar mərkəzdə görünən yerlərdə asılıb. Bu siyahıda da müşahidə etmək olar ki, aztəminatlı təbəqəyə aid olmayan insanlara ünvanlı sosial yardım verilir. Bu məsələdə tək nazirliyin əməkdaşlarının, yerli orqanlarda çalışanların gücləri kifayət qədər deyil. Buna görə mətbuat və əhaliyə müraciət edirik".
Nazirlik əməkdaşlarının bu işin öhdəsindən tək gələ bilmədiyini etiraf edən xidmət rəisi bütün vətəndaşlardan kömək istəyib.
Qeyd edək ki, müvafiq hal aşkar olunduqda, nazirliyin elektron poçt ünvanına, eləcə də 142 "Qaynar xətt"inə və Xidmətin 012 595 04 26 və 595 04 28 saylı telefon nömrələrinə zəng etmək xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB