Elmira Süleymanova Sloveniyada işgüzar səfərdə olub

Elmira Süleymanova Sloveniyada işgüzar səfərdə olub

Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərlə rəftara dair təcrübə mübadiləsi məqsədilə bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov və həmin şöbənin müdir müavini Absələddin Əliyev Sloveniyanın paytaxtı Lyublyana şəhərində işgüzar səfərdə olublar. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə baş tutan həmin səfərdə həmçinin ölkəmizin hüquq-mühafizə orqanlarının və qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunub.

Səfər proqramı çərçivəsində Sloveniyanın Ombudsman Aparatında, Ədliyyə Nazirliyində, Lyublyana Şəhər Prokurorluğunda, Daxili İşlər Nazirliyində və Vəkillər Kollegiyasında görüşlər keçirilib, bu ölkənin hüquq sistemi, o cümlədən cəzaların icra olunması mexanizmi və insan hüquqlarının müdafiəsi ilə əlaqədar yerli təcrübə öyrənilib.

Görüşlər zamanı habelə cəzaçəkmə müəssisələrində və müvəqqəti saxlanma yerlərində işgəncələrin, zorakılığın və pis rəftarın qarşısının alınması, o cümlədən həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi mövzularında geniş müzakirələr aparılıb.

Nümayəndə heyəti Koper şəhərində yerləşən cəzaçəkmə müəssisəsi və Lyublyana Şəhər Polis Direktoratının Moste polis şöbəsinin müvəqqəti saxlanma yeri ilə tanış olub.

Keçirilən müzakirələr zamanı "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı görülən işlər sloveniyalı həmkarların diqqətinə çatdırılıb.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti Azərbaycan və Sloveniya xalqlarının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Sempas şəhərində yerləşən xatirə muzeyini və abidəsini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə