Elmira Süleymanova BMT rəsmisi ilə görüşüb

Elmira Süleymanova BMT rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT Əhali Fondunun (BMTƏF) Türkiyədəki nümayəndəsini, eyni zamanda Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları üzrə direktoru cənab Zahidul Haqı qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev müşayiət edib.

Görüşün məqsədi BMTƏF tərəfindən yaxın gələcəkdə həyata keçiriləcək icma əsaslı proqram və həmin proqramı əhatə edəcək mövzular üzrə fikir mübadiləsi aparmaqdan ibarət olub.

Görüşdə 1994-cü ildə Qahirədə keçirilən BMT-nin qlobal "Əhali və inkişaf" mövzusunda Konfransının (ƏİBK) əhəmiyyəti, 2015-ci il Minilliyin İnkişaf İstiqamətlərinə daxil olan gender bərabərliyi, ana və uşaq sağlamlığı, habelə reproduktiv sağlamlıq və ailə planlanması mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə E.Süleymanova reproduktiv sağlamlıq baxımından ailə planlanmasının böyük önəm daşıdığını və bu məqsədlə yerli icmalarla işlərin aparılmasının vacibliyini vurğulamışdır. Bundan başqa, cari ilin may ayında Bakıda məsləhətləşmələrin və BMT-nin Əhali Fondu ilə birgə Lerikdə geniş ictimaiyyətin qatıldığı ictimai müzakirələrin keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun götürülüb öhdəliklərin icra müddətinin 2015-ci ildə başa çatdığını nəzərə alaraq, sonrakı dövrlərdə qarşıda duran prioritet vəzifələr və görüləcək işlərin perspektivlərinə dair yerli müzakirələrdə əhali və inkişaf problemləri qabardılıb, təkliflər və tövsiyələr dinlənilib.

Adıçəkilən proqram həyata keçirilərkən yerli icmaların nümayəndələri arasından müvafiq icraçıların seçilməsinin vacibliyi bildirilmiş, müvafiq sahədə maarifləndirmə işlərinin məhz onlar tərəfindən icma səviyyəsində aparılmasının daha effektiv olacağı vurğulanıb.

Qonaq səmimi görüş və səmərəli fikir mübadiləsi üçün Müvəkkilə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə