“Tovuzda dağın üstündə 20-dən artıq oyulmuş insan heykəllərinə rast gəlmək olar” MÜSAHİBƏ

“Tovuzda dağın üstündə 20-dən artıq oyulmuş insan heykəllərinə rast gəlmək olar” MÜSAHİBƏ

Tarixi romanların müəllifi Cəlaləddin Qasımovun SƏS TV-yə müsahibəsi:

- Müasir dövrdə Azərbaycan tarixinin araşdırılması və əhəmiyyətli tapıntıların aşkar edilməsi istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

- Dünyanın ən bərəkətli və təbii sərvətlərlə zəngin olan torpağı bizim məmləkətimizdir. Mən Azərbaycanın rayonlarına səfər edərkən, oradakı tarixi abidələrlə yaxından tanış olmuşam. Müşahidə etdiyim tarixi abidələrdən ən diqqətimi cəlb edəni isə Tovuz rayonunun Qalaboyun kəndində yerləşən abidə oldu. Demək olar ki, 3 ilə yaxındır ki, orada tədqiqat işləri aparıram. Həmin ərazidə yerləşən dağın üstündə 20-dən artıq oyulmuş insan heykəllərinə rast gəlmək olar. Maraqlı məqam isə ondan ibarətdir ki, indiyə qədər heç kim həmin dağın üstündə o oyuqların fərqinə varmayıb. Yalnız oranın fotoşəklini çəkən zaman həmin oyuqlar sözügedən şəkillərdə əks olunub. Bu barədə "Çingiz xan" adlı romanımda da qələmə almışam. Həmin romanda müşahidə etdiyim oyuqlar haqqında geniş məlumat verdim. Eyni zamanda, bu romanı qələmə aldıqdan sonra sentyabr ayının 19-da "Şərq" qəzetində məqaləm də çıxdı. Sözügedən məqalədə bu dağın içindən gizli yollar olduğunu və orada vaxtı ilə möhtəşəm bir sarayın inşa edildiyini diqqətə çatdırdım. Bəhs etdiyim dağın zirvəsində 7 kvadrat metr ərazini əhatə edən yer böyük ustalıqla suvanıb. Ən təəccüblü məqam isə onun indiki dövrə qədər sağlam şəkildə qalmasıdır. Müşahidələrimdən belə qənaətə gəldim ki, bu, orada vaxtı ilə mövcud olan sarayın eyvanı olub. Sözügedən dağda yerləşən ərazinin məlum olması tariximizdə bu günə qədər aşkar olmayan məqamları üzə çıxartdı. Bizə gizli qalan həmin tarixi araşdırmaq üçün hazırda həmin ərazidə arxeoloji qazıntılar davam etdirilir.

- El arasında "Koroğlu" dağı kimi tanınan dağın sirləri barəsində nə deyə bilərsiniz?

- Müxtəlif vaxtlarda həmin ərazidə 3 dəfə fotoşəkil çəkdim və diqqət çəkən məqam isə həmin şəkillərin lentə düşməməyi, yanması idi. Belə bir hadisənin şahidi olduqdan sonra növbəti dəfə buraya gələndə 4 ədəd fotoaparat gətirdim. Düşündüm ki, onlardan hər hansı birində şəkilin yandığı təqdirdə digərində lentə alınacaq. Həmin vaxt daha möcüzəli bir mənzərə ilə qarşılaşdım. Belə ki, növbəti dəfə fotoşəkil çəkdirməyə hazırlaşarkən, dağların arasından bir bulud həmin yerin qarşısını aldı. Bu zaman mənim şahidi olduğum mənzərənin qarşısında nitqim qurudu. Dağın möcüzəsi məni onun önündə təslim olmağa vadar etdi. Bu zaman dağla söhbət etməyə başladım. Dağa müraciət etdim ki, mən buraya təmiz qəlblə gəlmişəm, heç bir pis niyyətim yoxdur. Dağa xitab edərək dedim ki, mənə icazə ver bu şəkli çəkim. Bu sözü deyəndən sonra mən şəkil çəkməyə müyəssər oldum. Belə ki, əvvəlki qarşımı alan buludlar dərhal həmin ərazidən çəkildi. Yalnız bundan sonra mən 200 ədəd şəkil çəkə bildim.

- Cəlaləddin müəllim, doğurdanmı aşkar olunan dəfinə və saray Çingiz xana aiddir?

- Bu barədə dəqiq fikir irəli sürə bilmərəm. Çünki, düşünürəm ki, söhbət açdığım xəzinə olduqca dərində yerləşir. Tədqiqat zamanı araşdırdım ki, həmin saray 4 otaqdan ibarət olub. Eyni zamanda oranın girişində, yəni insan başlarının oyuğu yerləşdiyi yerdə xəritə də var. Həmin xəritədə sözügedən ərazidə 4 otaqlı eyvanın olduğu da öz əksini tapır. Son aldığım məlumata görə, hələ ki, bu eyvanların cəmi ikisini müəyyən edə biliblər. Deyərdim ki, sözügedən abidənin varlığı hətta 4-5 min il bundan öncəyə təsadüf edir. Çünki həmin insan başı olan yer iki yerə parçalanıb. Bunun yüz ildə bir santimetr aralana bildiyini nəzərə alsaq, bu da abidənin 4-5 min il bundan öncəyə təsadüf etməsini deməyə əsas verir. Orada hazırda dövlət nəzarəti çərçivəsində işlər aparılır. Yəqin ki, bu barədə bizə bu yaxınlarda geniş məlumat veriləcək.

- Azərbaycan tarixinin araşdırması ilə bağlı tarixçi və arxeoloqlar müstəqil şəkildə nə kimi səylər göstəriblər?

- Azərbaycan tarixini dərindən bilən, ixtisasca tarixçi olan Ulu öndər Heydər Əliyev 1996-cı ildə Azərbaycan tarixçilərinə xitab edərək bildirib ki, Azərbaycan tarixi yenidən qələmə alınmalıdır. Təbii ki, bu çağırışdan sonra bir sıra geniş islahatlar aparılıb və bu məsələ hələ də gündəmdədir. Prezident İlham Əliyev də bu sahədə göstərişlər verərək, fərmanlar imzalayıb. Bu səbəbdən də, hazırda Azərbaycanın bir çox rayonlarında tarixi arxeoloji qazıntılar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə