Dövlət Proqramı çərçivəsində 301 kilometr dəmir yolu əsaslı təmir olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. SİA-nın məlumatına görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Noyabrın 27-də dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 km yolun əsaslı təmirinə başlanıldı. Səhər tezdən start götürən təmir işləri on gün davam edəcək. Ümumiyyətlə, 317 kilometrin təmiri dekabr ayının ikinci dekadasında başa çatacaq.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 301 kilometr yol əsaslı təmir olunmuş, bunun da 240 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB